"Sürücülər telefonla danışmasın! "- Yol polisi

"Sürücülər telefonla danışmasın! "-  Yol polisi
Bütün Xəbərlər
18:10 12.02.2014
1097
“Qulağında qulaqcıq olduğuna görə isə onlar çox zaman yaxınlaşan təhlükəni hiss edə bilmir”.
Baş verən yol qəzalarının statistikası və təhlillər onu göstərir ki, həyatımıza, məişətimizə daxil olan mobil aparatlar müsbət tərəfləri ilə yanaşı, xeyli insan ölümünə də səbəb olur.
Bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Şöbə rəisi bildirib ki, insanlar çox zaman yola çıxanda fikirli olur, bəzən isə sükan arxasında ailə və məişət problemlərini həll etməyə çalışırlar. Bu isə çox zaman acı nəticələrə gətirib çıxarır:
“Biz istər piyada, istərsə də sürücü olaq, bütün məişət problemlərini nədənsə çox zaman yola çıxanda fikirləşirik. Ən çox da sürücülər bu problemləri sükan arxasında həll etməyə çalışırlar. Çoxlu faktlar var ki, sürücünün sükan arxasında məhz əldə telefonla danışması səbəbindən ağır yol qəzası baş verib”.
K.Əliyevin sözlərinə görə, piyadaların qulaqcıqlar taxaraq səkidən kənar yollarda hərəkət etmələri də ciddi təhlükə yaradır:
“Xüsusən də gənc nəsil qulaqcıqlardan daha çox istifadə edir. Qulağında qulaqcıq olduğuna görə isə onlar çox zaman yaxınlaşan təhlükəni hiss edə bilmir, avtomobillərin verdiyi siqnalları vaxtında eşitmirlər. Bu isə sonda piyadaların avtomobillər tərəfindən vurulması, hətta onların ölümü kimi acı nəticələrə gətirib çıxarır”.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə sükan arxasında telefonla danışan sürücü inzibati məsuliyyətə cəlb edilərək 50 manat, yol hərəkəti qaydalarını pozan piyadalar isə 20 manat cərimə olunurlar. (Trend)
OXŞAR XƏBƏRLƏR