'Sürünməkdən qurtuluş' - KLİP

MƏDƏNİYYƏT
20:58 05.03.2012
1965

Musiqi sahəsində 20 illik təcrübə, 9 studiya albomu, Britaniyanın BBC radiostansiyasının ən yaxşı əcnəbi qruplar və hitlər onluğunda 7-ci yer, cəsarətli musiqi eksperimentləri və parlaq konsert şouları, dünyaca məşhur musiqiçilərlə əməkdaşlıq, “Altun Nar” Milli Musiqi və Fransa Musiqi Akademiyasının mükafatları laureatı, yüzlərlə müntəzəm konsert, Azərbaycanda və onun hüdudlarından kənarda minlərlə pərəstişkar... Əminik, Azərbaycanda roku dinləyən və sevən, amma əfasanəvi “ColDünya” qrupunu, onun lideri, vokalçısı Teymur Nadiri tanımayan insan yoxdur.

Muqisiçinin yeni solo layihəsi “Bir anlıq uçuş” adlanır. Çoxmərhələli audio-vizual əsərlərdən ibarət layihəyə 7 mahnıdan ibarət albom, 4 videoklip, həmçinin canlı səs və qabaqcıl video texnologiyaların istifadəsilə hazırlanan böyük konsert-işıq şousu daxildir.Musiqiçinin ictimaiyyətə təqdim etdiyi “Bir anlıq üçüş” videoklipi, həm də eyniadlı albomun əsas mahnısıdır. Qeyd etmək lazımdır ki, Teymur, bu kompozisiyanı öz dostu, tanınmış azərbaycanlı musiqiçi və şair, bir zamanlar populyar “Ozan” qrupunun lideri olmuş Rasim Müzəffərlinin məşhur şeirinə bəstələyib.

“Bir anlıq uçuş” klipinin rejissoru Teymurun bir başqa dostu – klipmeyker Stas Rubençik, ssenari müəllifi İsmayıl İmanovdur. Mahnıların studiya yazılışı və kliplərin çəkiliş prodüserliyi ilə “ProMix” şirkəti məşğul olub. Üç gün davam edən çəkilişlər Bakı şəhərində və Buzovna qəsəbəsində aparılıb.

Klipin premyerası eyni anda üç müxəlif məkanlarda - rockzone.az - Azərbaycanda rok musiqisinə həsr olunmuş yeganə musiqili-informasiya portalında, Connect kabel TV kanalları şəbəkəsinin efirində və Mərkəzi Asiya və Şərqi Avropanın musiqili-əyləncəli kontentinin ən iri aqreqatlarından biri sayılan VideoPro.net resursunda keçiriləcək.

Qeyd edək ki, hazırda “Kiməm mən sənsiz?” mahnısına çəkilən klip üzərində yekun işlər aparılır. Çəkilişlər Moskvada baş tutub. Maraqlı faktdır ki, albomdakı bəzi mahnılar və müxtəlif musiqi alətlərinin partiyaları dünyanın müxtəlif studiyalarında – Bakıda (ProMix), Moskvada (Silver Sounds Records), Kiyevdə (Khodchenko Music Sounds Records), Nyu-Yorkda (Records Plant), Londonda (Dean St Studios) yazılıb.

Albomun noyabrda işıq üzü görməsi nəzərdə tutulur. Dekabr ayının ortalarında isə, çoxdan gözlənilən konsertin keçirilməsi planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR