"Hər dövlət öz prioritetlərini və protokol imkanlarını müəyyənləşdirmək hüququna malikdir. Eyni məntiq Azərbaycana da şamil olunmalıdır”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin oktyabrın 30-da Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandırması, Azərbaycanın isə Türk Dövlətləri Təşkilatının Türkiyədə keçiriləcək Zirvə görüşündə xarici işlər naziri Ceyhun Bayramov səviyyəsində təmsil olunması diplomatik baxımdan normal qərardır:
"Dövlət başçısının qrafiki aylar öncədən formalaşır. Bakıda keçirilən beynəlxalq futbol turnirinin finalçılarının mükafatlandırılması da bu qrafikin tərkib hissəsidir. Üstəlik, tədbir Azərbaycanın ev sahibliyi etdiyi iri beynəlxalq idman layihəsinin yekun mərhələsidir. Ona görə də prezidentin ölkə daxilindəki öhdəliyi ilə xaricdəki tədbirdə iştirakı arasında seçim etməsi təbiidir.
Diplomatiyada qarşılıqlılıq prinsipinə baxarkən yaxın keçmişdəki faktlar da nəzərə alınır. 2024-cü il iyulun 6-da Şuşada TDT-nin qeyri-rəsmi Zirvə görüşü keçirildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan toplantıya gəlmədi, ölkəni vitse-prezident Cövdət Yılmaz təmsil etdi. Həmin gün Ərdoğan Berlində Avropa çempionatının dörddəbir final mərhələsində Türkiyə ilə Niderland milli komandalarının qarşılaşmasını izləyirdi”.
Deputat vurğulayıb ki, həmin vaxt Türkiyənin fərqli təmsilçilik formatı seçməsi Azərbaycan-Türkiyə münasibətlərinə mənfi təsir göstərməyib:
"Bu görüşün Azərbaycan üçün rəmzi çəkisi böyük idi. Türk dövlətlərinin rəhbərləri işğaldan azad edilmiş Şuşada bir araya gəlir, Türk dünyasının əməkdaşlıq gündəliyi Qarabağa gətirilirdi. Buna baxmayaraq, Ankara öz proqramına uyğun qərar verdi. Prezident futbol oyununda iştirak etdi, vitse-prezident isə Şuşa sammitinə qatıldı. Bakı bunu nə problemə çevirdi, nə də ittifaq münasibətlərinə kölgə saldı. Çünki hər dövlət öz prioritetlərini və protokol imkanlarını müəyyənləşdirmək hüququna malikdir.
Eyni məntiq Azərbaycana da şamil olunmalıdır. Xarici işlər nazirinin Zirvə görüşündə ölkəni təmsil etməsi diplomatik praktikada tam normal haldır. Bu, Azərbaycanın xarici siyasətini bilavasitə həyata keçirən, TDT çərçivəsindəki bütün istiqamətlərə bələd olan, sammit hazırlığında fəal iştirak edən şəxsin təmsilçiliyidir. Nazir Bayramov həm Azərbaycanın mövqeyini çatdırmaq, həm də müzakirələrdə və razılaşmalarda ölkənin maraqlarını təmin etmək üçün lazımi səlahiyyətlərə malikdir”.
Onun sözlərinə görə, Azərbaycanın Türk Dövlətləri Təşkilatına münasibəti bir Zirvə görüşündə ölkəni kimin təmsil etməsi ilə ölçülməməlidir:
"Əsas məsələ təmsilçilik səviyyəsi deyil, Azərbaycanın təşkilata yanaşmasıdır. Bakı TDT-yə böyük önəm verir, onun institusional inkişafında, ticarət, nəqliyyat, enerji və mədəniyyət sahələrində əməkdaşlığın genişlənməsində fəal rol oynayır. Bu mövqe təşkilatın hər toplantısında, təşəbbüslərdə və praktik layihələrdə özünü göstərir. Təşkilata bağlılıq bir sammitdə kimin iştirak etdiyi ilə ölçülmür.
Hər iki tərəf bir-birinin gündəliyinə anlayışla yanaşmalıdır. Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman öz proqramına uyğun təmsilçilik formatı seçib və bu, münasibətlərin mahiyyətinə təsir etməyib. Azərbaycanın xarici işlər naziri səviyyəsində təmsil olunması da eyni qarşılıqlı anlaşma çərçivəsində qiymətləndirilməlidir. Azərbaycan-Türkiyə münasibətləri belə protokol nüanslarından yüksəkdir. Bu münasibətlər ‘bir millət, iki dövlət’ formulu və strateji tərəfdaşlıq üzərində qurulub”, – deyə deputat bildirib.
Fəridə Əsədzadə











































