Şövkət Ələkbərovanın yubileyi qeyd edildi - FOTOLAR
MƏDƏNİYYƏT
14:37 22.10.2012
2092
Oktyabrın 20-də Xalq artisti, Azərbaycanın korifey sənətkarı Şövkət Ələkbərovanın 90 illik yubileyi onun məzarı başında qeyd olunub. İlk öncə iştirakçlar ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək, ruhuna dualar oxuyublar. “İslahatçı Gənclər” İctimai Birliyi adından Ümumili lider Heydər Əliyevin məzarı önünə əklil qoyulub.Sənətkarın tələbəsi, əməkdar artist Aybəniz Haşımova və “İslahatçı Gənclər” İctimai Birliyi Mədəniyyət katibliyinin birgə təşəbbüsü ilə baş tutan anım mərasimində Ş.Ələkbərovanın ailə üzvləri, tələbələri, mədəni ictimaiyyətin nümayəndələri və gənclər iştirak edib.Tədbiri girişi sözü ilə açan “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Şövkət xanımın 90 illik yubileyinin Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölkə səviyyəsində qeyd olunacağını bildirərək deyib ki, məqsədləri dahi sənətkarı öz doğum günündə anmaq, xatirəsini əziz tutmaqdır: “Şövkət Ələkbərova Azərbaycan musiqi tarixinin əvəzsiz nümunəsidir. Məlahətli, yumşaq tembrli səsi olan Şövkət xanımın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, dərin emosionallıq və lirizm səciyyəvidir. Məharətli improvizasiya qabiliyyəti böyük sənətkarın muğam yaradıcılığının əsas xüsusiyyətlərindən biridir. Biz gənclər də düşündük ki, əməkdar artist, onun dəyərli tələbəsi Aybəniz Haşımovanın illərdir reallışdırdığı bu ənənəyə öz tövhəmizi verək”.Daha sonra çıxış edən xalq şairi Fikrət Qoca, xalq artisti, “Şöhrət” ordenli professor Ramiz Quliyev, xalq artistləri Aftandil İsrafilov, Sadıq Zərbəliyev, Vamiq Məmmədəliyev, əməkdar artist Cavanşir Məmmədov, məhrum sənətkarla bağlı filmin ssenari müəllifi, jurnalist Firuzə Nadir Şövkət Ələkbərova yaradıcılığı haqqında təəssüratlarını bölüşüblər. Natiqlər bildiriblər ki, Şövkət Ələkbərova Azərbaycan musiqi mədəniyyətinin əvəzedilməz nümunəsi və qadın ifaçılıq sənətinin banilərindən biridir. İllər ötsə də, yeni-yeni musiqi janrları meydana gəlsə, Şövkət Ələkbərova ifaçılığının möhtəşəmliyi və ucalığı heç vaxt öz əhəmiyyətini itirmir. Çıxış edənlər Şövkət Ələkbərovanın yubileyinin yüksək dövlət səviyyəsində qeyd olunmasına görə, prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. Onlar eyni zamanda əməkdar artist Aybəniz Haşımovaya Şövkət xanımın xatirəsini əziz tutaraq, hər il dahi sənətkarın anım mərasimi təşkil etdiyinə görə, ona təşəkkür etdilər.Daha sonra çıxış edən Şövkət Ələkbərovanın tələbələti, əməkdar artistlər Firuzə İbadova, Nuriyyə Hüseynova müəllimləri ilə bağlı xatirələrini bölüşüb, onun yüksək insani keyfiyyətlərindən söz açıblar. Onlar bugünkü yaradıcılıqlarında Şövkət xanımın xidmətlərindən bəhs ediblər.Çıxış edən Şövkət Ələkbərovanın tələbəsi, əməkdar artist Aybəniz Haşımova ilk əvvəl ulu öndər Heydər Əliyevə onu Şövkət Ələkbərovanın tələbəsi olmaq xoşbəxtliyinə çatdırdığı üçün minətdar olduğunu, daim onun ruhu qarşısında özünü borclu hiss etdiyini bildirib. O, vurğulayıb ki, əgər ulu öndər Bülbül adına Musiqi Məktəbində muğam sinfi açıb, Şövkət Ələkbərovanı ora müəllim kimi dəvət etməsəydi, dahi sənətkarı tanımaq və ondan dərs almaq imkanı olmazdı. Əməkdar artist ulu öndərin bu ənənəsini davam etdirdiyi və böyük sənətkarın xatirəsini əziz tutub, onun yubileyinin qeyd edilməsi haqqında sərəncam verdiyi üçün ölkə başçısı İlham Əliyevə təşəkkürlərini çatdırdı. A.Haşımova qeyd etdi ki, Şövkət xanım onun üçün böyük sənətkar və pedoqoq olmaqdan əlavə nümunəvi bir ana və ideal bir Azərbaycan qadınıdır. O bildirib ki, üzərindən illər keçməsinə baxmayaraq, dahi sənətkar haqqında sakit və keçmiş zamanda danışa bilmir. Azərbaycan mədəniyyətinə verdiyi misilsiz xidmətlərinə və özünün tutduğu mövqeyə görə, Şövkət Ələkbərova ruhu qarşısında baş əydiyini deyən Aybəniz Haşımova böyük sənətkarın xatirəsinin əbədi ürəklərdə yaşayacağını bəyan etdi.Çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin mədəniyyət məsələləri üzrə katibi, gənc müğənni Aynişan Quliyeva gözünü açandan evdə Şövkət Ələkbərova musiqisinin və şəxsiyyətinin zənginliyini hiss etdiyini, insani keyfiyyətlərinə görə, ona vurğun olduğunu, sənətə də məhz Şövkət xanım yolunun davamçısı olmaq arusu ilə gəldiyini söylədi. Şövkət xanıma “nənə” deyə müraciət etdiyini bildirən gənc müğənni böyük sənətkarı ailə üzvü qədər doğma bildiyini diqqətə çatdırdı.Son olaraq Şövkət Ələkbərovanın gəlini Gülnarə Ələkbərova böyük sənətkarın bütün xalqın sərvəti olduğunu deyərək, göstərilən diqqətə görə, ölkə başçısı İlham Əliyevə və tədbirin təşkilatçılarına və qonaqlara təşəkkürlərini çatdırdı.Qeyd edək ki, çıxışlar Şövkət Ələkbərovanın həzin musiqilərinin müşaiyyəti ilə baş tutdu. Sonda təşkilatçılar tədbirə göstərdiyi diqqətə görə, “Ağ Çiçəyim”gül və hədiyyələr mağazasına təşəkkürlərini bildirdilər.