ATGTİ mətbuat xidmətindən AZXEBER.COM-A verilən məlumata görə, 2011-ci il 10-16 fevral tarixlərində ATGTİ Quba “Cənnət Bağı” istirahət mərkəzində I və II kurs tələbələri üçün Qış “Liderlik Məktəbi” layihəsini həyata keçirəcək. Məlumatçun bildirək ki, ATGTİ ölkəmizin bütün ali təhsil ocaqlarından 120 tələbənin iştirak etdiyi anoloji Yay “Liderlik Məktəbi” layihəsini 2010-cu il 28 iyul – 4 avqust tarixləri arasında da reallaşdırıb.
Növbəti layihədə iştirak etmək üçün ATGTİ-nin elektron ünvanına tələbələr tərəfindən 1000-ə yaxın ərizə daxil olmuş, onlardan 300-ü II mərhələdə iştirak hüququ əldə etmiş və müsahibə yolu ilə aralarından ən layiqli 120 tələbə “Liderlik Məktəbi”nə seçilib. Qeyd edək ki, layihədə Azərbaycanın bütün ali təhsil müəssisələrinin tələbələri təmsil olunacaq.
Layihə çərçivəsində tələbələr 4 komandaya bölünərək müxtəlif təlimlərdə iştirak edəcək, verilmiş tapşırıqları yerinə yetirəcəklər. Qış “Liderlik Məktəbi”nin iştirakçılarına mütəxəssislər tərəfindən komanda işi, şəxsi inkişaf, liderlik, təşkilati-quruculuq və s. mövzularda təlimlər keçiləcək.
Bundan əlavə, Qış “Liderlik Məktəbi”nin iştirakçılarının millət vəkilləri, siyasi xadimlər, xarici ölkələrin respublikamızdakı səfirləri və yerli icra nümayəndələri ilə görüşələri təşkil olunacaq. Görüşlərdə tələbələr qonaqlarla müxtəlif məsələlərlə bağlı müzakirələr aparacaqlar. Onlar hər günün yekununda gün ərzində öyrəndikləri yeni bilikləri xüsusi olaraq hazırladıqları divar qəzetlərində qeyd edəcəklər.
Layihə çərşivəsində iştirakçılar Qubadakı soyqırım məzərlığını ziyarət edəcək, xalçaçılıq mərkəzində və “Qırmızı” qəsəbədə olacaqlar.