Tağı Əhmədov 'Azadlıq' qəzetini cərimələtdi - 30 min manat

Tağı Əhmədov
Bütün Xəbərlər
15:32 13.09.2012
1953
Bakı Apellyasiya Məhkəməsi Yasamal Məhkəməsinin “Azadlıq” qəzetini 30 000 AZN cərimələyən qərarını qüvvədə saxladı. Məhkəmə qərarına əsasən yayım sektoruna basqılar səbəbindən ciddi maliyyə böhranı yaşayan  tənqidçi qəzet Bakı Metropoliteninin rəisi Tağı Əhmədova mənəvi zərər əvəzi oplaraq 30 000 AZN təzminat ödəməlidir.
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “Azadlıq” qəzetini 2012-ci ilin iyununda “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” sərlövhəli məqaləyə görə məhkəməyə vermiş, qəzetin 200 000 AZN cərimələnməsini xahiş etmişdi. Yasamal Məhkəməsi metropoliten rəisinin sözügedən yazıdan ciddi mənəvi zərər gördüyü əsası ilə qəzetin üzərinə 30 000 AZN təzminat ödəmək vəzifəsi qoyan qərar çıxarmışdı.
“Azadlıq” qəzetinin vəkilləri həmin qərarın ləğv olunması tələbilə apellyasiya şikayəti vermişdi. Sentyabrın 13-də Bakı Apellyasiya Məhkəməsi (hakim İsmayıl Vəliyev) şikayəti rədd edib. Prosesdə qəzetin hüquqlarını müdafiə edən Media Hüququ İnstitutunun vəkillərindən Fariz Namazlı iştirak edib. Vəkilin bildirdiyinə görə, Apellyasiya Məhkəməsi aşağı məhkəmənin arqumantlərini haqlı sayıb. F. Namazlı qərarın qanunsuz olduğunu, müdafiə tərəfinin təqdim etdiyi etiraz və dəlilləri incələmədən qəbul edildiyini deyib. Qərardan kassasiya şikayəti veriləcək.
Bakı Metropoliteni rəisi ilə “Azadlıq” qəzeti arasında məhkəmə çəkişməsinə “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” sərlövhəli məqalə səbəb olub. Sözügedən yazıda 2012-ci ilin yanvarında metroda gediş haqlarının 10 qəpikdən 15 qəpiyə qaldırılmasından, texniki prosedurlar zamanı bəzi sərnişinlərin 5 qəpiklərinin mənimsənilməsindən bəhs olunub. T.Əhmədov iddia edirdi ki, yazıdakı “...yanvar ayında metroda gediş haqqı on beş qəpikdən iyirmi qəpiyə qaldırılanda çoxlarının kartında beş qəpiklər qaldı. Bax, metropoliten rəisi həmən pulları mənimsəyib...” cümlələri onun şərəf və ləyaqətini aşağılayıb.
OXŞAR XƏBƏRLƏR