Xəbər verdiyimiz kimi, jurnalist Aynur Elgünəş Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasında təzyiqlə üzləşmişdi.
AZXEBER.COM-un məlumatına görə, Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasında jurnalist Aynur Elgünəşə təzyiq göstərən əməkdaşı töhmət alıb. Bu barədə A.Elgünəş şəxsi “facebook” səhifəsində məlumat paylaşıb:
“Ötən həftənin sonu məni Bakı Metropoliteni İdarəsinə çağırdılar. Tağı Əhmədovun müavinləri ilə görüşdüm, dedilər ki, məni təhqir edən qadınla bağlı iclas keçirəcəklər. Bu, həmin qadından edilən ilk şikayət deyilmiş. Birinci şikayətə görə onu Nizami stansiyasından H.Aslanova göndəriblər, orda da əhalinin az istifadə etdiyi tərəfə yerləşdiriblər. Dedilər ki, şəhid ailəsi olduğu üçün işdən çıxara bilmirik, hər yerə şikayət edir. Elə bir ştat da yoxdur ki, ora yerləşdirək, sərnişinlərlə az ünsiyyətdə olsun. Yalnız əlac ona qalıb ki, yenə töhmətləndirək, növbəti səhvində işdən azad edək. Qısası, qadın məndən üzr istədi, sonra iclas oldu və töhmət verildi. Töhmət həm də 6 ay premyadan məhrum edilmək deməkdir”.
Qeyd edək ki, Metropoliten işçisi ilə vətəndaş arasında yaranan insidenti araşdıran jurnalist metro işçisinin hücumuna məruz qalıb. Stansiyadakı mühafizəçi polis əməkdaşları da peşə fəaliyyətini yerinə yetirən jurnalistə təzyiq ediblər.