Azərbaycanda taksi qiymətlərinin qalxacağı bildirilir. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. O bildirib ki, taksidə qiymətlər birmənalı olaraq qalxacaq. Nazir qeyd edib ki, bizim hədəfimiz taksi sayını deyil, taksi sifarişlərinin sayını azaltmaqdır.
"Heç bir ölkədə Azərbaycandakı qədər ucuz taksi xidməti yoxdur. Bu gün taksi gedişlərinin 60 %-i 1,5-3 km ətrafındadır. Bu da o məsafədir ki, ya ayaqla getmək olar, ya da ictimai nəqliyyatdan istifadə etməklə", - deyə Rəşad Nəbiyev əlavə edib.
Bəs taksi qiymətlərinin qalxmasının nəticəsi necə olacaq?
Bununla bağlı iqtisadçı ekspert Eyyub Kərimli AZXEBER.COM-a danışıb.
O, taksi qiymətinin artmasının bir neçə səbəbi olduğunu bildirib:
"Taksi qiymətinin artması süni qiymət artımı ilə də bağlı ola bilər. Bunu Tarif Şurası tənzimləyəcək. Düşünürəm ki, taksi qiymətlərinin qalxması keyfiyyətə təsir edəcək. Avtomobillərin texniki vəziyyətinə də yaxşı təsir edəcək. Taksi qiymətlərinin tənzimlənməsi ilə sərnişinlər daha keyfiyyətli xidmət görəcəklər.
Ancaq hesab edirəm ki, taksi qiymətlərinin dövlət tərəfindən tənzimlənməsinə ehtiyac yoxdur. Çünki qiymətlər azad rəqabət, təklif-tələb əsasında tənzimlənir. Bu gün bazarda taksi qiymətlərinin aşağı olması rəqabətin olmasından irəli gəlir. Qiymətlərin tənzimlənməsi bu formada olarsa, daha məqsədə uğyun olardı”.
Şəbnəm Zahir