Bu gündən Azərbaycanda bəzi taksi şirkətləri qısa məsafələr üçün gediş haqqı qiymətlərini qaldırıblar. "Uber”, "Bolt” və "Yango” şirkətlərində yaxın məsafələrə gedişlər üçün minimal məbləğ 2,50 AZN olub.
Bəs, qiymətlərin qalxması taksilərdə keyfiyyətə təsir edəcəkmi? Sərnişinlərin ən çox narazı olduğu sürücülərlə bağlı dəyişiklik olacaqmı?
Məsələ ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bu qərarda bir neçə ciddi sual doğuran məqamların olduğunu bildirib:
"Bir neçə şirkətin eyni anda bu qərarı verməsi sövdələşməyə bənzəyir. Bu bazar qaydalarına uyğun olaraq, qiymətin artıb - azalmasının tənzimlənməsi üçün göstərici deyil. Bundan bir neçə həftə öncə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin "Heç bir ölkədə Azərbaycandakı qədər ucuz taksi xidməti yoxdur" başlığı ilə açıqlaması olmuşdu. Düşünürəm ki, hansısa bir formada hökümətin bu qərara təsiri olub. Bunun qanunvericiliklə izahı yoxdur. Qeyd etdiyim kimi bir neçə şirkətin eyni anda bu qərarı alması sövdələşmədir”.
Natiq Cəfərli qeyd edib ki, bu Antiinhisar fəaliyyət haqqında qanunvericiliyin pozulmasıdır:
"Ümumilikdə götürdükdə bu sahə rəqabətli sahədir. Son illər yeganə sahə idi ki, qiymət artmayıb, əksinə rəqabət çoxaldıqca ucuzlaşıb. On il öncəki qiymətlər indiki qiymətlərdən daha baha idi”.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov hesab edir ki, burada ziyan çəkən sadə vətəndaşlar olacaq:
"Taksi qiymətləri dəyişən qiymətlərdir. Tələb-təklif əsasında formalaşır. Yay mövsümü ilə bağlı insanlar çimərliklərə axın edir. Çimərliklərdən şəhər mərkəzinə cəmi bir neçə marşrut avtobusu işləyir. İnsanlar evlərinə qayıtmaqda çətinlik çəkirlər. Taksiyə tələbat artdıqda, qiymət də yüksəlir.
Düşünmürəm ki, hazırki taksi qiymətləri payıza qədər davam edəcək. Əgər, payızda yenə də qiymətlər yüksək olaraq qalacaqsa, Azərbaycanın iqtisadiyyatına külli miqdarda ziyan dəymiş olacaq. Çünki insanlar vaxtlı-vaxtında işə gedə bilməyəcəklər. İşə gecikmələr iqtisadiyyata külli miqdarda ziyan vuracaq”.
Eldəniz Cəfərov vurğulayıb ki, qiymət artımı ilə işləyən qurumlar bu məsələyə ciddi yanaşmalıdırlar:
"Fikrimсə, nəyinsə mənafeyi naminə Azərbaycan iqtisadiyyatına külli miqdarda ziyan vurulmasının qarşısını alacaqlar. Taksi qiymətləri dəyişən tarifdir. Uzun müddətdir, taksi qiymətlərinin artırılması üçün fikirlər səsləndirilir. İndi taksi şirkətləri üçün bu şərait yaranıb. Ancaq bu o demək deyil ki, taksi qiymətləri yüksəldisə, belə də qalacaq. Ümid edirəm ki, qiymətlərin əvvəlki vəziyyətə qayıtması üçün tədbirlər görüləcək”.
Şəbnəm Zahir