"Əfqanstanda baş verən hadisələrin əsas səbəbi "Taliban"ın hakimiyyəti ələ keçirməsi deyil. Bu ABŞ və NATO müttəfiqlərinin planlı razılaşma əsasında hakimiyyətin "Taliban”a ötürülməsi prosesi kimi qiymətləndirilməlidir”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Anar Əliyev deyib.
O, bildirib ki, hakimiyyətin "Taliban”a ötürülməsi ABŞ və müttəfiqlərinin əsas rəqiblərinə qarşı yeni mübarizə meydanı açmaq istiqamətində planlı fəaliyyətidir:
"Bildiyimiz kimi, hələ ötən ilin fevral ayında ABŞ və müttəfiqləri ilə "Taliban” arasında razılıq əldə olunmuşdu. Bu razılıq əsasında NATO müttəfiqləri Əfqanıstan ərazisini tərk edir və hakimiyyət razılıq əsasında "Taliban” qüvvələrinə ötürülür.
Hakimiyyətin "Taliban”a ötürülməsi ABŞ və müttəfiqlərinin əsas rəqiblərinə qarşı yeni mübarizə meydanı açmaq cəhdi kimi qiymətləndirilməlidir. Əsas rəqib isə Çin və Rusiyadır. Bu siyahıya müəyyən mənada İranı da daxil etmək olar. Hesab edirəm ki, onların Əfqanıstanda hakimiyyətə yenidən qayıdışı region xalqları və bölgə üçün destabilləşməyə gətirib çıxaracaq. Region yenidən xaos və özbaşınalıq meydanına çevriləcək. Digər tərəfdən unutmaq olmaz ki, hələ 90-cı illərdə "Taliban” Əfqanıstanda hakimiyyətə gəldiyi vaxt sərt şəriət qanunları tətbiq etmişdi. Bu rejimin mahiyyəti bölgə xalqlarına çox böyük problemlər yaradırdı. İnsanların kütləvi sürətdə cəzalandırılması və qətlə yetirilməsi ilə yekunlaşmışdı. Əfqanıstandan milyonlarla insan didərgin düşmüşdü”.
Anar Əliyev onu da qeyd edib ki, Əfqanıstanda Talibanın yenidən hakimiyyətə gətirilməsi region üçün ciddi narahatlıqlar doğuracaq bir situasiya yaradacaq:
"Taliban” hərəkatının rəhbərlərinin son dövrlər verdikləri nisbətən yumşaq bəyənatları əslində Əfqanıstanda hakimiyyətə tam yiyələnənə qədər özlərini müəyyən qədər loyal göstərmək cəhdindən başqa bir şey deyil. Hakimiyyətə tam sahibləndikdən sonra yenidən həmin sərt şəriət qanunlarını tətbiq etməyə çalışan kriminal-terrorist bir rejim qurmağa çalışacaqlar.
Digər tərəfdən "Taliban” əslində bir neçə ayrı-ayrı dairələrə xidmət edən və bir-biri ilə kəskin münasibətdə olan, amma Əfqanıstanda hakimiyyəti ələ almaq üçün müvəqqəti birləşmiş qruplardan ibarət birlikdir (Pakistan və İran xüsusi xidmət orqanlarına bağlı qruplar, Türküstan islam döyüşçüləri, radikal Haqqani qrupu, çeçen, özbək birlikləri və s.) Bu isə, tezliklə həmin qruplar arasında münasibətlərin gərginləşməsinə, hakimiyyət daxilində silahlı hesablaşmaların başlamasına səbəb olacaq. Beləliklə, taliblərin hakimiyyəti planlaşdırıldığı kimi bölgədə xaos və anarxiyaya, nəticə etibarilə, silah, insan və narkotik qaçaqmalçılığının daha geniş vüsət almasına gətirib çıxaracaq.
Bütün hallarda hesab edirəm ki, Əfqanıstanda "Taliban"ın yenidən hakimiyyətə gətirilməsi region üçün ciddi narahatlıqlar doğuracaq. Xüsusilə Orta və Yaxın Şərq bölgəsində yenidən radikal islamçılığın genişlənməsi və terrorizmin dövlət səviyyəsinə qalxması ilə dövlətlər arasında münasibətlər daha da gərginləşəcək”.
Anar Əliyevin sözlərinə görə, Əfqanıstanda xidmət edən Azərbaycan sülhmərmalıları üçün təhlükə yoxdur:
"Bildiyimiz kimi, Əfqanıstanda 120 Azərbaycan zabiti sülhməramlı kimi fəaliyyət göstərir. Onlar üçün hər hansı bir təhlükə yoxdur. Taliban Türkiyəyə bəslədiyi münasibəti Türkiyə üzərindən həm də Azərbaycana bəsləyir. Amma hesab edirəm ki, Türkiyə sülhməramlı qüvvələri Əfqanıstanı tərk etdiyi vaxt Azərbaycan sülhmərmalı qüvvələri də həmin ərazini tərk edəcək.
Əlavə edim ki, Taliblərin hakimiyyətə gəlməsi ilə Əfqanıstan Azərbaycan münasibətləri mürəkkəb bir mərhələyə qədəm qoyur. Əfqanıstanın seçilmiş prezidenti Əşrəf Qəni bütün platformalarda Azərbaycanın maraqlarını müdafiə edirdi. Taliblərin bu istiqamətdə mövqeyi hələ ki, bəlli deyil".
Aydın Nuri