‘Tanıdığım elə məmur övladları var ki, mərcə girib 400 minlik maşınları divara çırpıblar’ - MÜSAHİBƏ (II HİSSƏ)

‘Tanıdığım elə məmur övladları var ki, mərcə girib 400 minlik maşınları divara çırpıblar’ -  MÜSAHİBƏ (II HİSSƏ)
Bütün Xəbərlər
15:26 03.02.2015
6152

Azərbaycanın dünya şöhrətli yazıçısı, detektiv əsərləri ilə bütün dünyada məşhur olan, nasir, publisist, 1989-ci ildən Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı, hüquq elmləri doktoru, Pen Klubun prezidenti, Avropada 28 milyon nüsxədə 29 dilə tərcümə olunan soydaşımız, 193 adda kitabın müəllifi, “Şöhrət Orden”li Çingiz Abdullayevlin AZXEBER.COM-a çox maraqlı müsahibəsini dəyərli oxucularımıza təqdim edirik.

Müsahibənin birinci hissəsini buradan oxuya bilərsiniz...

“Allah öz varlığını neçə dəfə mənə sübüt edib”

- Çingiz Abdullayev müqəddəs yerlərdə olub, ziyarət edib. Bütün dinlərin bir həqiqəti var. Həqiqətlərin ən alisi isə Allahdır. Müsahibələrinizin birində demisiniz ki, Allaha inanmayan insanlara zaman-zaman Allah öz varlığını göstərir. Mən Kərbəlada, Nəcəfdə, Məşhəddə, Yerusəlimdə olmuşam. Yerusəlimdə İsa peyğəmbərin getdiyi yolla getmişəm. Ora heç kəsi buraxmırlar. Bir tərəfdə yəhudilərdir, o biri tərəfdə ərəblər. Mənim diplomatik pasportum var, rus dilində danışıram, yəhudilər buraxırdılar, ərəblər də görürdülər ki, müsəlmanam, Allahu Əkbər deyirəm və onlar da məni buraxırdılar. Mən dinçi deyiləm. Şəxsən mənə neçə dəfə Allah öz varlığını sübüt edib. Mən inanmıram ki, öləndən sonra ətrafımda hurilər rəqs edəcək və orda məni saqqallı biri göstərir.

“Kampaniya çox maraqlı olduğu üçün cəhənnəmə getmək istəyirəm”

- Bir ifadəniz var. Cəhənnəmə getmək və orada maraqlı insanlarla görüşmək istəyirsiniz. Kim Sizin marağını bu qədər özünə çəkib? Bəli, cəhənnəmə getmək istəyirəm. Çünki orada kampaniya çox maraqlı olacaq. Mən axı yazıçıyam. Bilirsiniz, orada nə qədər maraqlı adamlar olacaq? Yuli Sezar, Napoleon, Heminqueylə görüşmək, danışmaq istəyirəm.

- Daha çox kiminlə görüşmək və danışmaq istəyirsiniz? Atamla.

“Hər zaman mənim üçün yazıçı, insan, kişi kimi nümunə olan Heminquey”

Atamla danışmaq istəyirəm. Amma onun cənnətdə olduğunu düşünürəm. Mən 40 gün atamın yas çadırını yığa bilmirdim. O öləndən sonra nə qədər insan mənim yanıma gəlib atamın onları xilas etməyindən danışırdı. O qarabağlı idi, amma 1953-57-ci illərdə Naxçıvanın baş prokuroru işləyib. O illərdə güllələnmələr olub və bu prosesdə atam çoxlarını xilas edib. Gecələr atamla çox görüşürəm, danışıram. Dünən gecə də onunla birlikdəydim. 60 il keçib, hələ də insanlar onu xatırlayır. İkinci görüşmək istədiyim adam da var. O hər zaman mənim üçün nümunə olub. Yazıçı, insan, kişi kimi. Bu Amerika yazıçısı Heminqueydir. Mənim kabinetimdə çox tanınmış insanların portletləri var. Amma baxın, bu rəfdə Heminqueyin və bir də atamın-anamın portretləridir. Heminqueyin cəhənnəmə getdiyini düşünürsünüz? 100 faiz. Çünki o içki içirdi, qadınları çox idi, üstəlik özünü öldürüb. Heç o özü də cənnətdə olmaq istəməzdi, qaçardı. O yalnız cəhənnəmdə ola bilər. Atamla görüşməyəcəm, inanıram ki, o cənnətdədir,amma Heminquey 100 faiz cəhənnəmdədir.

“Yazıçılıq dünyanın ən böyük peşəsidir”

- Sizin üçün çox maraqlı insanlarla görüşmək, danışmaq üçün özünüzə qıyıb cəhənnəmə getmək seçimini edirsiniz? Hər insanın səhvləri, nöqsanları var. Daha çox həm də Dostoyevski xoşuma gəlir. Hesab edirəm ki, yazıçılıq dünyanın ən böyük peşəsidir. O deyirdi ki, Allah bizi gec-tez məhkəməyə çağıracaq. “Qiyamət Günü”. O bizim hamımızın etdiyimiz bütün cinayətləri – oğurluğumuzu, yalanlarımızı, törətdiyimiz qətlləri, ölümləri tərəzinin gözünə qoyacaq və bizdən hesab soruşacaq. Min illər ərzində biz çox cinayətlər etmişik. Biz nə edə bilərik ki, Allah bizi bağışlasın. Dahi Dostoyevski çox maraqlı bir ifadə demişdi - tərəzinin o biri gözünə biz Servantesin “Don Kixot”unu qoysaq, o bizi bağışlayacaq, günahlarımızı yuyacaq. Ona görə hesab edirəm ki, yazıçılıq ən böyük peşədir.

- Azərbaycan Yazıçılar Birliyi zaman-zaman tənqid hədəfinə tuş gəlir. Çingiz Abdullayev bu tənqidlərlə bağlı nə düşünür? Bir dəfə yanıma bir vicdansız jurnalist gəlmişdi. O məndən nə qədər qonorar aldığımı soruşmuşdu. O məndən ildə soruşmuşdu. Sonra gedib “Yeni Müsavat” qəzetində yazmışdı ki, Çingiz Abdullayev deyir ki, mən ayda 70000 qonorar alsam, acından ölərəm. Yəni, ildə 1 milyon dollar alsam, ac qalaram. Yalana baxın. Bir də tərcüməçim mənim haqqımda ağzına gələn yalan yazmışdı. Hamı deyirdi ki, ona cavab verim. Mən də bir sözlə cavab verdim - abidə milçəyə cavab vermir. Yevtuşenkodan soruşurlar ki, siz Amerikaya həmişəlik gedirsiniz? O da demişdi ki, abidələr köçmürlər. Məni də tənqid edirlər. Heç vaxt ömrümdə heç kimə cavab vermirəm. Bəlkə də bu mənim nöqsanımdır. Hesab etmirəm ki, o sözləri yazanlar mənimlə bərabərdirlər. Ən azı 5 milyon kitabı nəşr olunan, satılan, heç olmasa 20 ölkədə tanınan şəxs məni tənqid etsin, mən də o adama cavab verim.

“Anara dedim, siz peyğəmbərdən üstünsünüz ki, cavab verirsiniz?”

- Bu tənqidlərə kənardan baxanda daha çox Anarın tənqid olunduğu görünür. Anarın bu şəkildə tənqid olunması haqqında nə düşünürsünüz? Çox pis baxıram. Çoxları Anarı tanımır, amma mən onu yaxşı tanıyıram. O nə qədər adamı xilas edib, nə qədər adama zəmanət verib, necə Azərbaycan ədəbiyyatını Heydər Əliyevlə xilas edib, neçə prezidentlərlə görüşüb. Bir yazıçı vardı, çox faciəli şəkildə öldü. Bu mənə çox təsir etmişdi. O peyğəmbərdən də yazırdı, Anar müəllimdən də yazırdı. Anar müəllim ona həmişə cavab verirdi. Mən soruşurdum ki, siz peyğəmbərdən üstün deyilsiniz ki, niyə ona cavab verirsiniz? O da deyirdi ki, düzdür, mən peyğəmbərdən üstün insan ola bilmərəm, amma peyğəmbər qəzetləri oxumur, mən oxuyuram, ürəyim ağrıyır, ona görə cavab verirəm. 77 yaşında olan bir şəxsi tənqid edirlər, bu azmış kimi onun rəhmətlik atasını da tənqid edirlər. Anar əsil ədəbiyyat adamıdır. O hesab edir ki, ədəbiyyatda həqiqətən qalmalıdır. Ədəb sözünü başa düşən insanlar kimi. Bir insanla razı olmamaq olar, amma təhqir etmək yox. Çox yüksək vəzifəli bir şəxs mənə danışıb ki, məni tənqid edib yazırlar ki, gəlinim başqa millətdəndir, mənim iki qızım var, gəlinim hardan olsun? Bu cür yazmaq olmaz axı.

- Xəfiyyə olmaq yaxşıdır, yoxsa yazıçı olmaq? Yazıçı olmaq.

- Bəlkə elə ona görə, xəfiyyəlikdən yazıçılığa gəlmisiniz. Bilmirəm. Əgər yaza bilmirsənsə, yazma. Atam bir dəfə məndən soruşmuşdu ki, əgər sənə qonorar, pul verməsələr, amma bütün dünyada çap etsələr, razı olarsan? Mən doğrudan bilmirəm ki, necə yaşayardım. Mən fəxrlə deyirəm ki, restoranlarım, mağazalarım, şadlıq evlərim yoxdur. - Amma deyirlər ki, Sizin hətta Avropada çox bahalı restoranlarınız var. Yoxdur. Yalnız kitablardan, kinolardan qonorar alıram və bununla da yaşayıram. Mənim indiyə kimi hökumət avtomobilim yoxdur. Bizim Yazıçılar Birliyində isə müşavirin də hökumət avtomobili var. 26 ildən çoxdur ki, məvacib almıram. Əmək haqqımı uşaq evlərinə bağışlayıram.

“Azərbaycan vətəndaşlığımı dəyişmək istəmirəm”

- Sizin başqa bir dövlətin vətəndaşlığınız varmı? Yoxdur. Çünki mən bu ölkənin, dövlətin oğluyam. Mən 5 universitetin fəxri doktoruyam. Sonuncu 6-cı Bolqariyada verilib. Bu keçən ilin noyabrında olub. Azərbaycanın səfiri ilə universitetə gəlmişdik. Bir də baxdıq ki, mühafizə var, çoxlu nazirlər, səfirlər gəlib. Fikirləşdik ki, görəsən, nə isə olub? Sən demə, Bolqariyanın vitse-prezidenti Marqarita Kostova da gəlib. O mənim daimi oxucum və ən çox sevdiyi yazıçısı olduğuma görə, şəxsən məni təbrik etmək üçün gəlmişdi. İndi İnterpolun da Fəxri Səfiri olmuşam. Rumıniyanın ən böyük mükafatı – Tudor Argezi mükafatını da almışam və ölkənin fəxri vətəndaşıyam. Mənim ikinci vətəndaşlığım yoxdur. Bununla bağlı, çox təkliflər mənə gəlib. Xüsusilə də, Rusiyada. Bunun üçün 2 şərt var. Rus dilini bilməlisən, və SSRİ-də anadan olmalısan. Ən azı mən rus dilini Yeltsindən, Putindən pis bilmirəm. Başqa ölkənin vətəndaşlığını almamışam. İnsan ananı, mövqeyi, Vətəni dəyişməz. Ona görə yox ki, mən həmişə burada yaşamalıyam. Mən İngiltərədə də yaşaya bilərəm, ailəm oradadır. Bakıda elə yerlər var ki, mən oranı qarış-qarış tanıyıram. Mən Azərbaycan vətəndaşlığımı dəyişmək istəmirəm.

“Son 50 ildə Nobel mükafatına Azərbaycandan heç kimin namizədliyi irəli sürülməyib”

- Siz Nobel mükafatı almamısınız. Orxan Pamuka Nobel mükafatı verildiyi dönəmdə Sizin də namizədliyiniz irəli sürüldüyü deyilir? Belə deyirlər. İndi çox insanın Nobel mükafatına namizədliyinin irəli sürüldüyünü deyirlər. Bu doğru məlumat deyil. Çünki o arxivlər yalnız 50 ildən sonra açılır. Azərbaycandan Nobel mükafatına namizədliyi rəsmi olaraq yalnız Pen Klub təsdiq edib göndərə bilər. Son 50 ildə Azərbaycandan heç kimin namizədliyi bu mükafata irəli sürülməyib.

“Con Kerri deyib ki, Qarabağ ermənilərə verilsin, azərbaycanlılar cəzalandırılsın”

- Sizin şəxsiyyətinizə, sözünüzə böyük qiymət verirlər, sevirlər, xalq arasında reytinqiniz yüksəkdir, Sizə elə gəlmir ki, ölkədə baş verən ictimai-siyasi hadisələrlə bağlı çox vaxt mövqe bildirmirsiniz. Həmişə reaksiya verirəm. Hər cümə günü saat 7-də mənə ünvanlanan bütün suallara ANS-də cavab verirəm. Bu gün mən onlara nə demişəm? Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki 3 vasitəçi ölkənin 2 səfiri ilə şəxsən dostam. Evimdə onları qonaq edirəm. Amma buna baxmayaraq, mən azərbaycanlıyam və həqiqəti deməliyəm. Bunlar deyirlər ki, münaqişənin sülh yolu ilə həll olunmasını istəyirik. Arxivlər açılıb və məlum olub ki, Con Kerri deyib ki, Qarabağ ermənilərə verilsin, azərbaycanlılar cəzalandırılsın. Bu Amerikanın mövqeyi. Fransada parlamentdə qanun qəbul etdilər ki, kim soyqırımı qəbul etmir cəzalandırılsın. Ruslar da Gümrüdə baza açıblar. Mən onda soruşuram, bunlar necə vasitəçidirlər ki, üçü də ermənilərin tərəfindədirlər. İndi biz necə danışıq aparaq ki, belə vasitəçilərlə danışıq aparıb sülh prosesi ilə problemi tənzimləyək. Həm də əvvəlcədən bilirik ki, bu 3 ölkə ermənilərin tərəfini saxlayır və danışıqların aparılması prosesi davam edir, bu necə olur? Zəngin tarixləri, böyük mədəniyyətləri, dahi ədəbiyyatları var, amma bu həqiqətdir. Narışkin Azərbaycana gələndə ona dedim ki, Qriboyedovun komediyası var – “Ağıldan vay halına”. İndi nə edək ki, dəli Çatskiyə oxşayırıq. Biz rus Lizanı sevirik. Lizanın ürəyi isə erməni Molçanini sevir, öldürün onu, bizi sevmir, Biz danışıqlara gedəndə Liza qarşımıza çıxmır, ya Famusov, ya da ki, Skalazub çıxır. Tədbirdə dedim ki, zala baxın, 500 iştirakçıdan 250-i azərbaycanlıdır, birinin də qulağında qulaqcıq yoxdur, hamısı sizi rusca başa düşür. Ermənistanın prezidenti rus dilində danışa bilmir, bizdə prezident nəinki rus dilində danışa bilir, hətta dərs deyib. Ermənistanda Yerevanın ətrafında rus dilində bir fakültativ məktəb var, amma bizdə 284 rus məktəbi var. 18000 tələbə rus dilində təhsil alır. Seçəndə bir az vicdanınız olsun heç olmasa. Ruslara üzünü tutub dedim ki, siz dünyada ən böyük ölkəsiniz. Uzaq Şərqdə 4 kiçik adanı yaponlara vermirsiniz ki, bizim torpaqlarımızdır. Biz kiçik bir ölkəyik. Amma bizi məcbur edirsiniz ki, 20 faiz torpaqlarımızı ermənilərə verək? Niyə? Heç vaxt olmayıb ki, siyasi proseslər baş versin, mən ona reaksiya verməyim. 20 Yanvarla bağlı kitabı o zaman ilk dəfə 2 gündə biz hazırladıq və aparıb Qorbaçova verdik. İki gecə nazirin kabinetində yatdıq ki, nə iş gördüyümüzü heç kim bilməsin. İndi 20 Yanvarla bağlı çox kitab yazırlar, bir şey qazanmaq istəyirlər, amma o vaxt biz bu işi görəndə bilirdik ki, hər an bizi həbs edə bilərlər. 4 nəfər bu işi gördük. Rəşid Mahmudov,Əjdər Xanbabayev,İbrahim Şükürov və mən. Onların 3-ü indi həyatda yoxdurlar və mənim borcumdur ki, bunu həmişə deyim.

“Peyğəmbərin adına zərbəni daha çox insanları öldürəndə vururlar”

- Bu gün bütün dünyada, eləcə də, Azərbaycanda din adı altında, xüsusilə də, islam adı altında bir çox proseslər baş verir. Bu hadisələrlə əlaqədar nə düşünürsünüz? Hesab edirəm ki, dindən istifadə edən insanlar var. “Həmas”-ın rəhbəri Şeyx Nəsrullah deyib ki, peyğəmbərin adına zərbəni daha çox insanları öldürəndə vururlar. Ən böyük təhlükə budur ki, bizi o biri ölkələrə çevirmək istəyirlər. Yeganə müsəlman ölkəsidir ki, Azərbaycanda heç vaxt sünni-şiə münaqişəsi olmayıb, bu ayrımda olan insanlar bir-birilərini öldürməyiblər. Bu istiqamətdə nə qədər ölkələrdə qan tökülür. Amma bizdə ailələr var ki, sünni-şiə qohum olublar. Çoxunun xoşuna gəlmir ki, biz Avropa yolu ilə gedirik. Bizdə xristianlara qarşı heç vaxt hücum olmayıb. Yeganə müsəlman ölkəsiyik ki, İsrailə birbaşa təyyarə reysi var. Çox insan müsəlman qanunlarını bilmədiyinə görə, bu hadisələri rahatlıqla törədə bilirlər. Niyə görə, insanları təhqir edirsiniz? Mən kitablarımda bir dəfə olsun Sizlərin peyğəmbərinizi təhqir etmişəm. Təbii ki, axmaq-axmaq rəssamların çəkdikləri ortaya çıxanda bu olaylar yaşanır. Mən nəinki müsəlman peyğəmbərin, bütün seçilmiş müqəddəs insanların, peyğəmbərlərin təhqir edilməsinin əleyhinəyəm. Bunları qəsdən edən adamlar var, bu proseslərə pul verən qüvvələr var.

“Bəzi məmur övladlarının etdikləri doğrudan qudurğanlıqdır”

- Son zamanlar belə bir ifadə formalaşıb – qudurğan məmurlar və onların övladları. Sizin buna münasibətiniz necədir? Sizcə məmurlar, məmur övladları necə olmalıdır? Mənim atam-anam çox böyük vəzifələrdə işləyiblər. Anam mən anadan olanda AİSBES-in sədri olub. Birinci Katib, Ali Sovetin sədri ilə tribunada paradları qəbul edib. Sonra Marksizm-Leninizm İnstitutunun rektoru olub, 25 ildən çox Mərkəzi Komitədə işləyib. Atam Naxçıvanın, Bakı Şəhərinin prokuroru işləyib, sonra da Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri olub. Hər səhər bizim həyətimizə 2 hökumət avtomobili gəlirdi. Uşaqlıqdan çox varlı ailədə böyümüşəm, niyə görə, mən qudurğan olmamışam? Bu ailədən, atadan, anadan, onların övladlarına verdiyi tərbiyədən asılıdır. Mən yüksək vəzifəli məmurlar tanıyıram ki, övladlarını orduya göndərirlər. Nə qədər adam tanıyıram ki, uşaqları xaricdə oxuyurlar, yaxşı işləyirlər. Bəzən deyirlər ki, yazıçılar “Vətən, Vətən” yalandan deyirlər. Bizim 11 yazıçının övladı müharibədə həlak ölüb. Xalq yazıçısı Xəlil Rzanın oğlu Vətən uğrunda şəhid olub. Xalq yazıçısı Sabir Əhmədin də oğlu orada ölüb.

“Övladlarına düzgün tərbiyə vermirlər”

İsmayıllıda, Qubada baş verənlərdən xəbərim var. Mənə şəxsən çox təsir edir. Bu,doğrudan,belə olmamalıdır. Əslində, mənim o insanlara yazığım gəlir. Övladlarını harın böyüdənlər oğullarını özləri öldürürlər. Övladlarına elə tərbiyə verirlər ki, o uşaqlar sonra normal yaşaya bilmirlər. O vaxt mən hüquq fakültəsində oxuyanda vəzifəli şəxslərin övladları dərsə öz bahalı avtomobillərində gəlirdilər. Sonra Heydər Əliyev prokuror övladlarının hüquq fakültəsinə daxil olmasını qadağan etmişdi. Mən o vaxt atamdan çox xahiş etdim ki, mənə avtomobil alsın, almadı. Çox sonralar özüm pul qazananda avtomobili özüm almışdım. Nə qədər fakt bilirəm ki, məmur övladına çox bahalı avtomobil alır, onlar qəza törədirlər, insan öldürürlər, amma yenə məmurlar övladlarına bahalı avtomobillər alırlar. Bu məmur atalar özləri övladlarını məhv edirlər. Ağıllı insanların övladları hər zaman nümunə olur. Bizim hörmətli prezidentimiz İlham Əliyev ölkədə ən yüksək vəzifəni tutmuş bir şəxsin oğludur, atası ölkənin prezidenti olub. Xarici İşlər Naziri Elmar Məmmədyarov, atası akademikdir, tanınmış alimdir, ailəsində iki xalq yazıçısı var. Babası Fuad müəllim adına küçə veriblər. Nazir Əbülfəs Qarayev, əmisi dahi, böyük bəstəkarımız Qara Qarayevdir. Nazir Azad Rəhimov, babası Azərbaycanın baş naziri olub. Nazir Hicran Hüseynova, atası Kamran Hüseynov Moskvada Azərbaycanı təmsil edib, sonra da ölkədə baş nazirin müavini işləyib. Baş nazir Artur Rəsizadə Hüseyn Cavid ailəsindəndir.Sovet vaxtında Dövlət Mükafatı almışdı. Əmisi də böyük vəzifədə işləyib,Nazirlər Kabinetinin sədr müavini olub. Hər adama bunu vermirdilər. Mənim atam Naxçıvanda işləyib və Fəttah müəllimi də yaxşı tanıyardı. Mənim anam rəhmətə gedəndə onun oğlu Kəmaləddin Fövqaladə Hallar Nazirliyində kollegiyanın iclasını aparırdı. Kollegiyanı saxlayıb orda olan bütün insanlarla bizim yas mərasiminə gəlib başsağlığı verdi. Çünki kişinin oğludur,bunu heç vaxt unutmaram. Deməli, bu ailələrdə övladlara düzgün tərbiyə verilib

“2 tanınmış ailənin oğlu İngiltərədə maşınlarının yastığının tez açılması mərcinə girib 400000-lik avtomobili çırpıblar”

Qudurğan övlad böyüdən atalar-analar dövlətə, xalqa yox, özlərinə ziyan vururlar. Mənə yaxın dostum danışdı ki, Azərbaycanın iki tanınmış ailəsinin övladları - tələbələr İngiltərədə mərc edib yarışa giriblər ki, hansı avtomobilin hava yastığı daha tez açılacaq. Avtomobillər “Porşe” və “Mazeratti” olub. Birinin qiyməti 300000, o birininki 400000-dir. Nə deyəsən?

Söhbətləşdi:

Mətanət Əliyeva, 

Əfsələddin Ağalarov

Ardı Var...

OXŞAR XƏBƏRLƏR