Tanınmış telejurnalist Space TV-də Telejurnalist Əli Əhmədov yaxın vaxtlardan etibarən Space televiziyasında yeni layihəyə start verəcək.
"Sizin üçün" adlanan telelayihə əhalinin sosial-iqtisadi məsələlər üzrə maarifləndirilməsinə həsr olunacaq. Verilişdə qanunvericilik, bank, sığorta, əmlak bazarı və digər sahələr üzrə araşdırmalar və biznes imkanları təqdim olunacaq. Bütün bunlar sadə şəkildə, əhalinin başa düşəcəyi formada çatdırılacaq. Artıq yeni layihənin çəkilişlərinə başlanıb və ilk verilişin noyabrın əvvəlində efirə çıxacağı gözlənilir.
Xatırladaq ki, tanınmış telejurnalist Əli Əhmədov ənənəvi olaraq iqtisadi jurnalistika sahəsində fəaliyyət göstərir. ANS TV və İctimai Televiziyada iqtisadiyyat xəbərlərinin yaradıcısı və rəhbəri olub. ANS TV-də "Nəzər Nöqtəsi" və "Ötən həftə" verilişlərinin aparıcısı və bir sıra araşdırmaların müəllifi olub. Bir neçə dəfə ilin jurnalisti və ilin ən yaxşı iqtisadi jurnalisti mükafatına layiq görülüb.