“Təfəkkür” Universitetinin mərhum prorektorunun ailəsi danışdı
Bütün Xəbərlər
02:33 18.09.2011
3329
“Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət birgə istintaq qrupu yaradılıb. Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Sentyabrın 16-da səhər saat 8 radələrində “Təfəkkür” Universitetinin prorektoru, fəlsəfə elmləri doktoru, professor, 69 yaşlı Əhmədov Tariyel İbrahim oğlunun başının arxa təpə nahiyəsində beyin sümüklərinin qəlpəli sınığı xəsarətləri ilə müşayiət olunan meyiti Yasamal rayonu, Şərifzadə küçəsi 8, ünvanında yerləşən yaşayış binasının qarşısındakı idman meydançasında aşkar edilib. Hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Mərhumun qohumları onun xəstəlikdən və ya hansısa bədbəxt hadisə nəticəsində öldüyünü ehtimal etmirlər. Onların sözlərinə görə, sağlam həyat tərzi keçirən Tariyel müəllim hər səhər saat 5 radələrində burada idmanla məşğul olurmuş. Tariyel Əhmədovun tək elmi fəaliyyətlə məşğul olmayıb, o, televiziya sahəsində də müəyyən iz qoyub. Mərhumun dostu Taleh Həmid deyir ki, mərhum uzun müddət Azərbaycan Televiziyasında “Kamillik” verilişini aparırdı: “Sonradan o veriliş bağlandı, amma yaxınlarda yenidən bərpa olundu. Mərhum müğənni Məmmədbağır Bağırzadə haqqında bir kitab yazmışdı. Ümumilikdə, 14-16 kitabın müəllifi idi. Çoxlu məqalələri var idi”. Hələlik, professorun hansı şəraitdə, kim tərəfindən və nə səbəbə qətlə yetirilməsi məlum deyil. Bu istiqamətdə istintaq tədbirləri davam etdirilir.