Təhsil naziri Türkiyə Universitetinin nümayəndə heyəti ilə görüşüb
Bütün Xəbərlər
12:00 27.04.2013
1072
Təhsil naziri Mikayıl Cabbarov Türkiyənin Qazi Universitetinin rektoru Süleyman Böyükbərbərin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən Mikayıl Cabbarov Azərbaycanla Türkiyənin qarşılıqlı əlaqələrində təhsil sahəsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Türkiyə ilə ali təhsil sahəsindəki münasibətlərin inkişafının əhəmiyyətinə toxunan nazir bütün bunların Azərbaycan ali təhsil sisteminin inkişafına müsbət təsir göstərəcəyini qeyd edib.Türkiyənin Qazi Universitetinin rektoru Süleyman Böyükbərbər ilk öncə Mikayıl Cabbarovu təhsil naziri vəzifəsinə təyin olunması münasibəti ilə təbrik edib, yeni işində uğurlar arzulayıb.Hazırda 80 min tələbənin təhsil aldığı ali məktəbdə 1500 əcnəbinin oxuduğunu bildirən rektor Qazi Universitetində daha çox azərbaycanlı gəncin müxtəlif ixtisaslar üzrə təhsil almasında maraqlı olduqlarını vurğulayıb.Təhsil naziri Mikayıl Cabbarov ətraflı məlumata və Azərbaycanla əlaqələrin inkişafına verdiyi dəyərə görə S.Böyükbərbərə minnətdarlığını bildirib. Qazi Universitetində idarəçilik, maliyyələşmə və digər məsələlərin tənzimlənməsi qaydalarının maraq doğurduğunu vurğulayan nazir Azərbaycan ali məktəblərinin belə bir nüfuzlu təhsil müəssisəsi ilə əməkdaşlığının səmərəli nəticələr verəcəyinə ümidvar olduğunu söyləyib.