Azərbaycanda saxta diplomların aşkar olunması istiqamətində və bu diplomları verənlərlə mübarizə gücləndirilib. Təhsil naziri Misir Mərdanov da saxta diplomların aşkarlanması üçün tədbirlərin davam etdiriləcəyini bildirib.Təhsil naziri Misir Mərdanov yenidən saxta diplomlarla bağlı danışıb. O deyib ki, Azərbaycan vətəndaşlarının saxta diplomu olmamalıdır, belə şəxslər məktəblərdə çalışa bilməz. Nazir saxta diplomların aşkarlanması üçün tədbirlərin davam etdiriləcəyini söyləyib. Təhsil Nazirliyindən bildirirlər ki, saxta diplomların aşkar edilməsi istiqamətində ciddi tədbirlərin görülməsinə keçən tədris ilindən başlanılıb.Bunun nəticəsi olaraq məcburi köçkün rayonları və şimal bölgəsindən 92 saxta diplom aşkarlanaraq Baş Prokurorluğa təqdim olunub. Sonradan isə daha 455 saxta diplom aşkarlanaraq, həmin diplom sahiblərinin adları yerli idarəetmə orqanlarına göndərilib və həmin şəxslərlə əmək müqaviləsi ləğv edilib.Nazirliyin şöbə müdiri Xəyyam Fərəcov diplomların saxtalaşdırılmasının qarşısını almaq üçün bir çox tədbirlərin görüldüyünü deyib. Onun sözlərinə görə, belə tədbirlərdən biri 1992-ci ildən bəri ali və orta ixtisas müəssisələrini bitirən məzunların bazasının yaradılmasıdır.X.Fərəcov qeyd edib ki, həmin bazaya əsasən həmin məzunların hansı tədris müəssisəsini bitirməsi, hansı nömrəli dövlət sənədinin, diplomun alması öz əksini tapacaq: “Bununla da hər hansı tədris müəssisəsində və yaxud işəgötürənlər tərəfindən bu proses həyata keçirilərkən onun saxta olub-olmamasını, o məzunun həmin tədris müəssisəsini bitirib-bitirməməsini müəyyənləşdirmək mümkün olacaq”.Bazanın yaradılmasına gəlincə, nazirliyin rəsmisi bunun gələn tədris ilində mümkün olacağını bildirir.