Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün istifadədə olan dərsliklərə dair yekun rəyinə Təhsil Nazirliyi tərəfindən cavab göndərilib.AZXEBER.COM-un APA-ya itinadla verdiyi xəbərə görə, Təhsil Nazirliyinin IV sinif üzrə 13 dərsliklə bağlı göndərdiyi cavablar 2 hissədən ibarətdir. Birinci hissədə TQDK-nın qeydləri, ikinci hissədə isə nazirliyin ona cavabı qeyd olunub. Bildirilib ki, Təhsil Nazirliyinin “Azərbaycan dili 4” və “Həyat bilgisi 4” dərsliyinə göndərdiyi cavabda yekun rəydə göstərilmiş iradlara münasibət bildirilib. Təhsil Nazirliyinin “Riyaziyyat 4” dərsliyinə göndərdiyi cavabda yekun rəydə dərsliyin 35-ci səhifəsində göstərilmiş irada münasibət bildirilməyib.“Azərbaycan dili 4” dərsliyi üzrə verilən cavabda qeyd olunub ki, TQDK-nın rəyində qeydlər nömrələnməyib, iradlar qoyulmuş meyarlar üzrə düzgün qruplaşdırılmayıb. Nazirlik tərəfindən bəzi iradlar əsassız hesab edilsə də bəzi fikirlər qəbul edilib: “Dərsliyin məzmunu baxımından bəzi rəylər ümumi şərh xarakteri daşıdığından və iradlar heç bir fakta əsaslanmadığından cavaba ehtiyac görülməyib. TQDK-nın qeydində rəyçilər bildirirlər ki, dərslikdə 102 mətn verilib. 20 mətn nəsr, 20-si mətn isə nəzm nümunəsidir. Bəs qalan 62 –si? Belə çıxır ki, qalanları dram əsəridir? Rəydəki qeydlərdə orfoqrafiya səhvi ilə bağlı heç bir irad göstərilmədiyi halda nəticədə qeyd olunur ki, “bir çox mətnlərdə…orfoqrafiya səhvləri çoxdur”. Bu ekspert şurasının qərəzli mövqedə durduğunu, nəyin bahasına olursa-olsun dərsliyə damğa vurmaq istəyini göstərir. Rəyçilər öz dil və üslublarına əl gəzdirsəydilər, daha yaxşı olardı. Ümumilikdə, “Azərbaycan dili 4” dərsliyi üzrə 72 tənqidi xarakterli qeyd verilib, onlardan 9-u qəbul edilib. Bunlar 34,42, 43, 65, 66, 67, 69, 70 və 115-ci səhifədəki səhvlər, “Yoldaşlıq köməyi” və “Nehrə” şeirlərinin müəllifinin qeyd edilməməsi ilə bağlı olan iradlardır”.Daha sonra bildirilir ki, “Riyaziyyat 4” dərsliyi üzrə “Standartların əks olunması baxımından” başlığında verilən rəydə 20 standartın formalaşdırılmadığı barədə qeyd edilən bütün iradlar əsassızdır: “4-cü sinif dərsliyində “Riyaziyyat” fənni üzrə yeni təhsil proqramında (kurikulumda)yer almış bütün məzmun standartları öz əksini tapıb. Yekun rəydə irəli sürülən fikirlər hər bir məzmun standartına uyğun şagird bacarıqlarının ekspertlər tərəfindən düzgün qiymətləndirilməməsindən irəli gəlir. Bir çox hallarda isə dərslik komplektində yer almış uyğun tapşırıqların nəzərə alınmaması təəccüb doğurur. Bu tapşırıqları kitabı vərəqləyən hər kəs görə bilər. Beləliklə, “Standartların əks olunması baxımından”, “Proqramdan kənara çıxmalar və şagirdlərin yaş xüsusiyyətləri baxımından” başlıqları ilə verilmiş iradların heç birinin əsası olmadığı üçün qəbul edilmir. “Elmi-pedaqoji, dil-üslub və dizayn baxımından” başlığı ilə verilmiş 100-dən çox iraddan 22 irad qəbul edilir. Bu iradlar əksəriyyət etibarı ilə redaktə və korrektura xarakterlidir. Rus dilinə tərcümə ilə bağlı iradlar tərcüməçi müəllimlər tərəfindən araşdırıldıqdan sonra nəzərə alına bilər”.