Valideynlərin verdikləri məlumata görə, ibtidai siniflər üçün iş dəftərlərinin birinin qiyməti 5 manat olub. Ən çox qiyməti artan ana-dili və ingilis dili fənləri üzrə hazırlanan iş dəftərləridir. Valideynlərin sözlərinə görə, iş dəftərlərinin qiymətini bu əlavə vəsaitə olan tələbat artırıb: "Bütün məktəblərdə sinif müəllimləri biz valideynlərə xəbərdarlıq ediblər ki, ən azı 6 fəndən iş dəftəri alınmalıdır. Ən ucuz iş dəftərinin qiyməti 4, ən bahasının qiyməti isə 5 manatdır. Ötən il iş dəftərlərini 2 manata aldığımız halda bu dərs ili öncəsi qiymətlər fantastik həddə bahalaşıb. Satıcılar qiymətin bahalaşmasının səbəbini iş dəftərləri istehsal edən nəşriyyat-poliqrafiya müəssisələrinin sayının məhdud olması ilə izah edirlər. Onların sözlərinə görə, ibtidai sinif üçün iş dəftərini bir nəşriyyat istehsal edir. Ona görə də onlar istədiyi qiyməti qoyurlar. Hamı da məcburdur ki, bu nəşriyyatın çap etdiyi iş dəftərlərini alsın. Tələbat artdığından iş dəftərinin qiyməti də bahalaşır".İş dəftərlərinin qiymətinin bahalaşmasının səbəbini aydınlaşdırmaq üçün kiçik araşdırma apardıq. Məlum oldu ki, bu il Respublikanın ümumtəhsil məktəblərinin ibtidai sinifləri üçün Azərbaycan Respublikasında ümumi təhsilin kurikulumu əsasında dərslik komplektlərinin (dərslik, iş dəftəri, müəllim üçun metodik vəsait) hazırlanması və çapının satınalınması üzrə keçirilən açıq tenderin nəticələrinə görə iş dəftərlərinin hazırlanması "Çaşıoğlu" EİF, "Bakı" nəşriyyatı, "Altun-Kitab", "Təhsil Nəşriyyat-Poliqrafiya" MMC poliqrafiya şirkətlərinə verilib. Bu nəşriyyatların hərəsi bir fənn, bir sinif üçün dərsliklə yanaşı, iş dəftərləri hazırlayır. Qiymətləri isə özləri sərbəst olaraq müəyyənləşdirirlər. Araşdırma zamanı üzə çıxdı ki, tender keçirilən zaman bu nəşriyyatlar dərsliklərlə bağlı qiymət təklif etsələr də, iş dəftərinin hazırlanmasının neçəyə başa gələcəyini göstərmirlər. Bunu Təhsil nazirliyinin Dərslik və Nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı da təsdiqlədi. Bildirdi ki, iş dəftərlərinin qiymətini nəşriyyatlar özləri sərbəst şəkildə müəyyənləşdirirlər. Tender keçirilərkən orada iş dəftərinin neçəyə başa gələcəyi göstərilmir. Çünki büdcədən yalnız dərsliklərin hazırlanmasına vəsait ayrılır. İş dəftərləri isə məlumdur ki, pula satılır. Beləcə üzə çıxdı ki, iş dəftərlərinin hazırlanması üçün nəşriyyatlar tender yolu ilə seçilsə də, onlara hansısa səbəbdən qiyməti müəyyənləşdirməkdə sərbəstlik verilir. Halbuki tenderdə iştirak edən şirkətlərin qalib gəlməsi üçün əsas şərt onların təkliflərinin keyfiyyətli və münasib olmasıdır. "İş dəftərlərinin qiyməti niyə belə bahadır" sualımızı da nəşriyyatlar çox kobud və əsəbi şəkildə cavablandırdılar. Bəziləri sualı cavabsız qoydu, bəzilərisə "bilmirsiniz qiymətlər niyə bahadır, kalkulyasiya nəticəsində elə çıxıb, biz də elə müəyyənləşdirmişik" cavabını verdilər.
/// Millətim qəzeti