Nadir İsrafilov: “Bayram Hüseynzadə “Azərbaycan müəllimi” qəzeti vasitəsi ilə şeytanın ağlına gəlməyən işlər görürdü”
Dünən sosial şəbəkələrdə ildırım sürəti ilə belə məlumat yayıldı ki, təhsil naziri Mikayıl Cabbarov nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadənin könüllü surətdə işdən getməsini tələb edib. Buna səbəb kimi Hüseynzadənin baş redaktoru olduğu “Azərbaycan müəllimi” qəzetinin fəaliyyətində çoxlu sayda nöqsanlar və maliyyə maxinasiyalarının aşkarlanması göstərilir. Yazılanlara inansaq, hətta onun qarşısına şərt qoyulub ki, tələb xoşluqla yerinə yetirilməsə, toplanmış materiallar istintaq orqanlarına göndəriləcək.Məsələyə tanınmış təhsil eksperti Nadir İsrafilovun münasibətini öyrəndik. O dedi:
“Mənə görə, burada iki detal haqqında xüsusi danışmaq lazım gəlir. Birincisi, gənc nazir Mikayıl Cabbarov 70-80 günlük fəaliyyəti dövründə, öz sələfindən fərqli olaraq, birlikdə işləmək istəmədiyi şəxslərə qarşı humanist davrandığını sübut elədi. Yəni ən azı onları əmək məcəlləsinin “70 C” maddəsi ilə qovmadı, sistemdə başqa işlərlə təmin elədi. İkincisi isə, belə adamları vicdanlarına tapşırıb səbrlə onların özləri haqqında nəticə çıxarmalarını gözlədi: Yəni keçmişinizi, törətdiyiniz əməlləri anlamaq qabiliyyətinizi nümayiş etdirin və gələcəyinizlə bağlı özünüz qərar verin. Amma görünən odur ki, gənc nazirin bu humanistliyini bir çoxları hələ də anlamaq iqtidarında deyillər. Belə adamlardan biri də məhz haqqında söhbət gedən Bayram Hüseynzadədir. Jurnalist həmkarlarının onun fəaliyyəti ilə bağlı dediklərini hamımız yaxşı bilirik. O, fəaliyyəti dövründə özünü dövlət qulluqçusu kimi yox, keşmiş nazirin yavəri kimi aparır, hamıya yuxarıdan aşağı baxır, “Azərbaycan müəllimi” kimi böyük tarixi ənənələri olan qəzetdən tənqidi fikir söyləyənlərə qarşı “zopa” kimi istifadə edirdi. Şəxsən mən hesab edirdim ki, o, eks-nazirə ən yaxın adam kimi, ilk istefa verənlərdən biri olacaq. Çünki belə hallarda qanunlardan daha çox, əxlaq qaydaları rol oynayır. İndiki halda isə bunun tamamilə əksini görürük. Şəxsən hələ də mənə bir şey aydın deyil: Nəyə görə insan özünü o hala salmalıdır ki, humanistlik nümayiş etdirən nazir onu başqa vasitələrlə işdən çıxarmağa məcbur olsun? Burada iki hal mümkündür: Ya Bayram Hüseynzadə kiməsə çox arxayındır, ya da o, mental dəyərlərini tamamilə itirib.Mənə görə, Hüseynzadənin aparatda saxlanılması Təhsil Nazirliyini hörmətdən salır, “Azərbaycan müəllimi”nin baş redaktoru kimi çalışmalarını davam etdirməsi isə təhsilimizə və jurnalistikaya qarşı böyük həqarətdir.
Bu adam son zamanlaradək qəzetdən “şəxsi mülkiyyəti” kimi istifadə edirdi. Onun vasitəsi ilə şeytanın ağlına gəlməyən işlər görürdü. Qəzetə baş redaktor təyin olunan kimi, redaksiyanın təcrübəli işçilərini gözümçıxdıya saldı, əməkdaşların hərəsini bir yolla işdən uzaqlaşdırdı. Qəzetin səhifələrinin yarıdan çoxusunu təhsilimizin dərd-səri ilə tən gəlməyən tərcümə yazılarla – dünyanın ayrı-ayrı ali məktəbləri və Nobel mükafatı laureatları haqqında materiallarla doldurdu. Bütün nömrələrin sonuncu səhifəsinin yarıdan çoxunu “Xalq kompüteri”nin reklamı “bəzəyirdi”. Soruşan da yox idi ki, balam, bu reklamı təkrar-təkrar verməkdə məqsədin nədir? Buna görə sənin hesabına pul köçürulürmü?
Bu gün 10000-dən artıq tirajı olan “Azərbaycan müəllimi” köşklərdə yoxdur, onu yalnız abunə yolu ilə əldə etmək mümkündür. Onun bir nüsxəsinin abunə qiyməti isə nə az, nə çox, düz 1 manatdır (?!). Görəsən, Hüseynzadə ölkədə bu qiymətə satılan ikinci bir qəzet görübmü? Müəllim o qədərmi maaş alır ki, bir qəzetə 1 manat pul versin?! Axtarmaq lazımdır ki, bütün bunlardan başqa nazirlik “dotasıya” kimi qəzetin hesabına indiyədək nə qədər əlavə pul köçürüb.
Hüseynzadə haqqında mətbuat səhifələrində elə yazılar dərc olunur ki, adam oxuyanda dəhşətə gəlir. Məsələn, yazırlar ki, onun supermarketləri, geniş apteklər şəbəkəsi və altında bahalı CİP-i var. Onu da yazırlar ki, CİP-ə irad bildirən bir kasıb həmkarlarına o, “kişinin altında maşını olar!” – deyib.
Təhsil Nazirliyi sistemində Bayram Hüseynzadələr az deyil. Mən onları zaman-zaman mətbuat səhifələrində tənqid etmişəm və ictimaiyyətə tanıtmağa çalışmışam. Hətta bu haqda yaxın vaxtlarda irihəcmli kitabım da işıq üzü görəcək”.
//dia.az