31 yanvar tarixində Azərbaycan Dövlət İqtisad Universitetində Respublika Təhsil Şurası İdarə heyətinin iclası keçirilib.
AZXEBER.COM xəbər verir ki, iclasda çıxış edən Təhsil Şurası sədrinin müavini Mirzəli Murğuzov söyləyib ki, Respublika Təhsil Şurasının Ümumi Yığıncağının keçirilməsi zamanının və yerinin müəyyənləşdirilməsi gündəlikdə dayanan yeganə məsələdir. O, təkilf edib ki, Ümumi Yığıncaq 16 fevral 2019-cu il tarixində saat 11:00-da Azərbaycan Dövlət İqtisad Universitetində keçirilsin.
Məlumat üçün qeyd edək ki, şuraya 3 ay öncə yeni sədr - Təhsil Şurası idarə heyətinin
üzvü, Bakı Dövlət Universitetinin dekanı, professor Hikmət Əlizadə seçilib.
Bu məsələdə maraqlı məqam ondan ibarətdir ki, Şurada 17 noyabr 2018-ci il
tarixində yeni sədr seçilibsə, bəs 16 fevral 2019-cu ildə keçirilməsi
planlaşdırılan Ümumi Yığıncaqda hansı məsələlər müzakirə olunacaq?
AZXEBER.COM bu məsələ ilə bağlı Təhsil Şurasının nəzarət-təftiş komissiyasının sədri Arif İbrahimovdan münasibət öyrənib.
Arif İbrahimov faktı təsdiqləyərəq bildirib ki, yenidən seçki keçirilməsinin səbəbi bəzi üzvlərin dövlət reyestrindən keçməməsi olub: "Bəli, 16 fevral tarixində Təhsil Şurasının Ümumi Yığıncağı keçiriləcək. Buna səbəb isə 3 ay öncə keçirilən seçkilərdə bəzi üzvlərinin reyestrdən keçməməsidir. Belə qərara gəlindi ki, seçkilərin nəticələri ləğv edilsin və yenidən Ümumi Yığıncaq keçirilsin".
Arif İbrahimovun dediyinə görə, yeni seçkilərdə Hikmət Əlizadə yenidən namizəd olacaq: "Hikmət müəllim dəyərli ziyalımızdır və yenidən namizəd olacaq"
"Bəs nəyə görə Təhsil Şurasının rəsmi saytındakı "haqqımızda" bölümündə bu haqda məlumat yoxdur?" sualına isə o belə cavab verib: "Bu sayt 17 noyabrdan öncə yaradılıb və bu səbəbdən saytda boşluqlar var. 16 fevral iclasından sonra bu problemlər aradan qaldırılacaq. Onu da qeyd edim ki, hazırda bizim ofisimiz də yoxdur".
Qeyd edək ki, təkilatın
idarə heyətində ADPU-nun prorektoru Asəf Zamanov, Təhsil
İnstitutunun şöbə müdiri Hümeyir Əhmədov, Azərbaycan Dövlət İqtisad
Universitetinin prorektoru Şaiq Əsgərov, əməkdar müəllim Həqiqə Məmmədova və
digər şəxslər təmsil olunurlar.
Mövzuya yenidən qayıdacağıq.