"Televiziya artıq mənim üçün bitib, geri dönmək istəmirəm" - Xanım Yadigarlı - VİDEOMÜSAHİBƏ

MÜSAHİBƏ
17:29 07.03.2023
25209
AZXEBER.COM-un "Uğurlu qadın" layihəsinin qonağı DOST İnnovasiyalar Mərkəzinin mətbuat katibi Xanım Yadigarlıdır.
 
- Xanım Yadigarlını necə təqdim edərdiniz?
 
- Xanım Yadigarlı - jurnalist, keçmiş teleaparıcı. indi isə DOST İnnovasiyalar Mərkəzinin mətbuat katibi.

- Layihəmizin adı "Uğurlu qadın"dır. Özünüzü uğurlu qadın sayırsınız?
 
- Azərbaycan 1918-ci ildən qadına seçmək və seçilmək hüququ verib. Ölkəmizdə, cəmiyyətimizdə özünə inanan, hədəfləri olan istənilən qadın uğurlu ola bilər. Bizim üçün hər zaman yaşıl işıq var. 


- Uğurunuzun sirri nədir?


- Hər bir uğurun sirri təhsil, inam, mənəvi dəyərlərə hörmət, insanın öz mənəviyyatı qoruması və daim hədəflər müəyyən etməkdir. 
 
- Hər bir uğurlu qadının arxasında kişi dayanır. Bu fikirlə razısınız?

- Mənim həyatda güc aldığım insan atam olub. Onun varlığı həyatım boyu mənə güc verəcək.
 
- Ailə ilə iş həyatı arasında balansı saxlaya bilirsiniz?

- Ailə ilə iş müqayisəsini əslində bəzən qəbul etmirəm. Ailənin yeri tamam başqadır, işin yeri tamam başqa. Onlar bir-birini əvəz edə bilməzlər. İnsanın həm ailəsinin, həm də işinin olması çox vacibdir. Axı biz bütöv olmaq istəyirik, hər birimizin arzusudur ki, xoşbəxt və bütöv həyatı olsun. 

  

- Ana olduqdan sonra da işinizə davam edəcəksiniz?

- Maraqlı sualdır (gülür). Hələ bu barədə düşünməmişəm ki, necə olacaq. Çünki hisslər mənim üçün çox önəmlidir. Təbii ki, məncə, işimi davam etdirərəm. Heç nəyi yarıda qoymağı xoşlamıram. 
 

- Jurnalistika fəaliyyətinə ANS-də başlamısnız. ANS sizə nə qazandırdı?


- ANS mənə çox böyük təcrübə qazandırıb. ANS mənim üçün jurnalistikada ilk addımlarımı atdığım məktəb idi. Məncə, uğurlu bir məktəb idi, qazandıqlarıma görə təşəkkür edirəm.
 

- Əvvəl şou, sonra xəbər verilişləri apardınız. Hansı Xanıma daha yaxın idi?

- Ən çox özümü xəbərdə tapmışam, özümü həmişə xəbərdə görürdüm. Düzdür, jurnalistikaya gəlməyim, teleaparıcı olmaq mənim uşaqlıq arzum olmayıb. Elə insanlar var ki, onların uşaqlıq arzusu olur, amma məndə qətiyyən belə olmayıb. Qismətə, taleyə inananam, bu, sadəcə mənim tale yolum idi ki, bir gün verilişdə qonaq qismində əyləşmişdim və orada məni kameradan görmüşdülər, beləcə mənim televiziyada olan rolum başladı. Daha sonra Bakı Slavyan Universitetinin Beynəlxalq Əlaqələr və jurnalistika fakültəsində təhsil aldım. Jurnalistika mənim seçimim deyildi, məktəbdə oxuyanda ən yaxşı tarixi oxumuşam və düşünürdüm ki, tarixçi olaram, arxeologiyaya çox böyük marağım var idi. Amma tale elə gətirdi ki, yolum televiziyayla kəsişdi. Qərar gəldim ki, artıq bu sahə üzrə davam etdirim.
 
- Vətən müharibəsi zamanı "Xəzər TV"də hər saat efirdə oldunuz. O günləri necə xatırlayırsınız?

- Vətən müharibəsi, torpaqlarımızın azad olunması mənim uşaqlıq arzum idi. Jurnalistikaya gələndən sonra özüm üçün xəyal edirdim ki, nə zamansa, torpaqlarımız azad olunduqda qələbə xəbərlərin çatdırsam, sevinərəm. O prosesdə mənim də az da olsa, bir rolum olsun. Çox qarışıq hisslər idi. Mənim atam hərbçidir, atam müharibədə, döyüş bölgəsində idi. Mən də işdəydim. Birimiz ön cəbhədə, birimiz arxa cəbhədə idim. Mənim üçün çətin idi. Amma şükür ki, hər şey yaxşı oldu. 

 - Televiziyaya yenidən dönmək istəyərsiniz?


- Çox adam məndən soruşur ki, televiziyaya yenidən qayıtmaq istəyirsiniz? Mən düşünürəm ki, bu məsələ artıq bitib. Çünki oradakı missiyamı tamamladığımı düşünürəm. Hər insanın həyatında müəyyən tramplinlər olur ki, onları keçib davam etməlidir. Geriyə - mən yalnız uşaqlığıma qayıtmaq istəyərdim. 

- Televiziyadan sonra DOST-da işə başladınız, burada vətəndaşlarla birbaşa təmasda olursunuz. Hansı daha yaxşı idi mavi ekrandan səslənmək ya fiziki?

- Məncə fiziki, səmimiyyət həmişə qalib gəlir. Düşünürəm ki, belə daha faydalıyam. Düzdür, televiziya da faydalı idi, məlumatları çatdırırıq, xəbərləri təqdim edirdik və çalışırdıq ki, bu proses operativ olsun. Amma belə mənim ürəyimə daha yaxındır. Biz həssas kateqoriyalarla çalışırıq, sosial sahə belədir. Hər hansı bir vətəndaşın problemi həll olunanda çox sevinirəm.
 
- DOST Mərkəzinin sözünü cəmiyyətə çatdırmaq çətin deyil?

- Məncə dost sözü acı, şirin qəbul olunandır (gülür), Biz çalışırıq ki, yaxşı söz çatdıraq.

- DOST-la dostlaşa bilmisiniz?

 
- Artıq bir ildir ki, DOST Rəqəmsal İnnovasiya Mərkəzindəyəm. Mənim üçün yeni bir təcrübədir. İdarəçilik, menecmentlik baxımından bilik və bacarıqlarımı inkişaf etdirmək imkanına malik oldum. Xoşuma gəlir, məncə dostlaşa bilmişik.

- Uğur qazanmaq istəyən xanımlara nə deyərdiniz? 

- Dostlarıma həmişə pozitiv qalmağı arzulayıram. Yeganə arzum budur. Uğursuzluqlar ola bilər, insan yıxıla da bilər, qalxa da bilər. Amma yenə də davam etmək lazımdır. İcazə vermək olmaz ki, proseslər bizi dəyişsin. Biz dəyişməməliyik, necə varsa elə də qalmalıyıq. Məsələn, indi bəziləri düşünür ki, uğursuzluq oldu, mənə pislik elədirlər, artıq belə olmayacağam və s. Mən elə düşünümürəm. Oldu, bitdi. Axı həyat davam edir. Həyat qısadır, ona görə də, məncə, davam etmək lazımdır. Həyatın dadını çıxarmaq lazımdır. İşdən zövq almaq lazımdır. İşdən zövq almırsansa, ürəyinin səsini dinləmək lazımdır. Bəlkə hansısa başqa sahədə özünü sınamaq lazımdır. Məsləhətim odur ki, hədəflərinə doğru getsinlər, özlərinə inansınlar, mütləq təhsil alsınlar, bilik və bacarıqlarını inkişaf etdirsinlər. Xəyal etsinlər və inansınlar.
 
Günel Hüseynli
Hüseyn Həsənov

OXŞAR XƏBƏRLƏR