Bostonun RR auksionunda “Titanik”in xanım sərnişinlərindən birinin məktubu satışa çıxarılıb.
AZXEBER.COM Associated Press-ə istinadən xəbər verir ki, qəzadan sağ çıxan xanımın məktubunu adının açıqlanmasını istəməyən bir şəxs 11 min 875 dollara alıb.
1912-ci ilin mayında yazılan məktubun müəllifi Lüsil Daff-Qordondur. O varlı şəxslər üçün paltar dizayneri olub. “Titanik” qəzası zamanı Lüsil, onun əri və daha 40 nəfər balaca qayığa minərək xilas olublar.
Daff-Qordonun ərini ekipaj üzvlərinə batan gəmidən tez aralanmaq üçün pul verməkdə ittiham edirdilər. Sonradan cütlüyə edilən ittiham, onların üzərilərindən götürüldü.
“Deyəsən biz ümumiyyətlə düz hərəkət etməmişik. Məgər bu rüsvayçılıq deyil?”, Lüsil məktubundan yazıb.
Xatırladaq ki, Britaniyanın transatlantik layneri olan “Titanik” 1912-ci il aprelin 14-dən 15-ə keçən gecə aysberqlə toqquşmadan sonra batıb. Hadisə nəticəsində 1496 nəfər həlak olub. Xilas olan 712 nəfəri və “Titanik”in ekipaj üzvlərini “Karpatiya” gəmisi göyərtəsinə götürüb.