"Tofiq Hacıyevin ikinci ərizəsinə hələ baxılmayıb"

"Tofiq Hacıyevin ikinci ərizəsinə hələ baxılmayıb"
Bütün Xəbərlər
16:15 02.09.2015
1016
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin işdən çıxmaqla bağlı ərizəsini geri götürmək üçün yazdığı ikinci ərizəyə hələ baxılmayıb. Çünki AMEA prezidenti Akif Əlizadə hazırda məzuniyyətdədir". Bunu "Report"a AMEA-ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Baba Yaşaroğlu deyib.
O qeyd edib ki, AMEA-nın nizamnaməsinə görə, akademik Tofiq Hacıyev rəsmi şəkildə Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsindən azad olunmayıb: "Professor Mövsüm Nağısoylu Dilçilik Institunun direktoru deyil, müvəqqəti olaraq direktor vəzifələrini icra edir. AMEA-nın prezidenti Akif Əlizadə Tofiq Hacıyevin işdən çıxmaqla bağlı yazdığı ərizəyə baxıb. Sonra sərəncam ilə professor Möhsün Nağısoylunu direktor vəzifəsini icra edən təyin edib".
Şöbə müdirinin sözlərinə görə, Tofiq Hacıyevin işdən çıxmaqla bağlı yazdığı ərizəyə AMEA-nın Rəyasət Heyəti baxıb rəsmi qərar verməlidir: "Nə qədər ki, Rəyasət Heyəti Tofiq müəllimin ərizəsinə baxıb qərar verməyib, o, rəsmi şəkildə işdən azad olunmuş sayılmır. Ona görə də məzuniyyəti bitəndən sonra işə qayıda bilər. Amma AMEA prezidentinin imzaladığı sərəncama uyğun olaraq institut direktoru vəzifəsini Mövsüm Nağısoylu icra edir. Tofiq müəllimin özü də bildirmişdi ki, möhürü və işləri Mövsüm Nağısoylu təhvil verib".
B.Yaşaroğlu deyib ki, sentyabr ayında məsələ Rəyasət Heyətində müzakirə edilib qərar veriləcək: "Bu ayın ikinci və ya üçüncü ongünlüyündə Rəyasət Heyətinin iclası keçiriləcək. Rəyasət Heyətinin toplantısında akademiklər, akademik katiblər iştirak edir. Onların nə qərar verəcəyi əvvəlcədən məlum olmur".
Vəkil Paşa Səfərov isə "Report"a bildirib ki, rəhbər vəzifədə işləyən şəxs məzuniyyətə çıxanda, uzunmüddətli ezamiyyətə gedəndə yerinə onun işini icra edən şəxs təyin edilir: "İşdən çıxma barədə ərizənin buna aidiyyəti yoxdur. Ərizə verən şəxsi işdən çıxartmadan sərəncam verib onun yerinə kimisə təyin etmək mümkün deyil".
Onun sözlərinə görə, işdən çıxmaq üçün müraciət edən şəxs ikinci ərizə yazaraq fikrini dəyişdiyini deyə və ərizəsini geri götürə bilər: "İkinci ərizə verilibsə bu birinci ərizəyə baxılmayacağı anlamına gəlmir. Amma birinci ərizə əsasdır, ikinci ərizəni qəbul etmək işə götürənin səlahiyyətindədir. Yəni ikinci ərizə təmin olunmaya da bilər".
Vəkil deyib ki, şəxs məzuniyyətdə olduğu halda onun ərizəsinə baxıla bilməz: "Həmin şəxs işə çıxdıqdan sonra onun ərizəsinə baxılmalıdır, yaxud da 6 ay müddətində şəxs işə çıxmadığı halda, xəstəliklə bağlı işə çıxmasa onun gəlməsini gözləmədən, istisna hal kimi onu işdən kənarlaşdırmaq olar".
P.Səfərov qeyd edib ki, işdən çıxmaq barədə ərizəyə baxılana qədər rəhbər şəxs işini icra edə bilər: "Onun vəzifəsini icra edən şəxs, o işə qayıtdığı günə qədər həmin səlahiyyətləri yerinə yetirə bilər. Şəxs işə çıxdıqdan sonra o bütün vəzifələrini özü icra etməyə başlayır".
OXŞAR XƏBƏRLƏR