Tort alarkən bunlara diqqət edin: Zəhərlənə bilərsiniz

Tort alarkən bunlara diqqət edin: Zəhərlənə bilərsiniz
SOSİAL
13:37 02.09.2026
210

Son günlər tort və digər kremli şirniyyatlardan zəhərlənmə halları ilə bağlı məlumatlar diqqət çəkir.

Xüsusilə süd, qaymaq, yumurta və digər tez xarab olan məhsullardan hazırlanan kremli şirniyyatların düzgün şəraitdə saxlanılmaması qida zəhərlənməsi riskini artıra bilər. 

Maraqlıdır, tort və digər kremli şirniyyatlardan zəhərlənməyə hansı amillər səbəb olur və istehlakçılar belə məhsulları alarkən nələrə diqqət etməlidirlər?

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, tort və digər kremli şirniyyatlar qida zəhərlənməsi baxımından daha həssas məhsullar hesab olunur:

"Bunun əsas səbəbi onların tərkibində süd, qaymaq, yumurta, krem, kəsmik və digər mikroorqanizmlərin inkişafı üçün əlverişli komponentlərin olmasıdır. Xüsusilə isti havalarda və düzgün temperatur rejimi qorunmadıqda bu məhsullarda bakteriyaların çoxalması sürətlənə bilər.

Zəhərlənməyə səbəb olan əsas amillər arasında xammalın keyfiyyətsiz və ya çirklənmiş olması, çiy yumurta və süd məhsullarından düzgün istifadə edilməməsi, hazırlanma zamanı şəxsi gigiyena qaydalarının pozulması, işçi səthlərin və avadanlıqların kifayət qədər təmizlənməməsi, həmçinin çiy və hazır məhsulların bir-biri ilə təmasının qarşısının alınmaması xüsusi əhəmiyyət daşıyır. Salmonella, Staphylococcus aureus və digər mikroorqanizmlər belə məhsullarda qida zəhərlənməsinə səbəb ola bilər”.

 

Ekspert qeyd edib ki, kremli şirniyyatlarla bağlı əsas risklərdən biri də onların düzgün temperaturda saxlanılmamasıdır: 

"Kremli tortlar hazırlandıqdan sonra soyuq zəncir qorunmaqla saxlanılmalıdır. Məhsulun uzun müddət otaq temperaturunda, xüsusilə isti şəraitdə qalması mikroorqanizmlərin sürətlə artmasına şərait yarada bilər. Soyuducu temperaturunun kifayət qədər aşağı olmaması, soyuducunun həddindən artıq doldurulması və temperaturun mütəmadi nəzarətdə saxlanılmaması da zəhərlənmə riskini artırır”. 

F.Səfərov bildirib ki, məhsulun hazırlanması ilə yanaşı, daşınması və satışı zamanı da temperatur rejiminə əməl olunması vacibdir:

"Tort və digər kremli şirniyyatların daşınması zamanı da uyğun temperaturun qorunması vacibdir. Bundan başqa, son istifadə müddətinin düzgün müəyyən edilməməsi və ya vaxtı keçmiş məhsulların satışa çıxarılması, məhsul barədə məlumatların tam təqdim olunmaması və gigiyenik tələblərə uyğun olmayan şəraitdə satışın həyata keçirilməsi ciddi risk yaradır”. 

Qida eksperti istehlakçılara tort alarkən məhsulun üzərindəki məlumatlara diqqət etməyi tövsiyə edib: 

"İstehlakçı tort alarkən ilk növbədə məhsulun hazırlanma və son istifadə tarixini, saxlanma temperaturunu və istehsalçı haqqında məlumatları yoxlamalıdır. Məhsul soyuducu vitrində saxlanılmalı və uzun müddət isti şəraitdə qalmamalıdır. Qablaşdırması zədələnmiş, açılmış və ya üzərində şübhəli dəyişikliklər olan məhsulların alınmasından çəkinmək lazımdır”. 

Ekspertin sözlərinə görə, tortun görünüşü və qoxusu da müəyyən siqnallar verə bilər:

"Kremin rənginin dəyişməsi, sulanması, çökməsi, üzərində kif və qeyri-adi ləkələrin olması, həmçinin turşumuş və ya xoşagəlməz qoxunun gəlməsi məhsuldan imtina etmək üçün əsasdır. Lakin nəzərə almaq lazımdır ki, təhlükəli mikroorqanizmlərlə çirklənmiş tort hər zaman pis qoxu, dad və ya görünüşə malik olmur. Buna görə yalnız məhsulun xarici görünüşünə güvənmək olmaz”.


Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR