TQDK hesab edir ki, “Riyaziyyat” fənni üzrə dərslik təhsil proqramını (kurikulumu) tam əhatə etmir. Proqramdan çoxlu sayda kənara çıxmalar var: “Anlayışların təqdimatı və materialların verilməsi zamanı bir çox hallarda şagirdlərin yaş və fizioloji xüsusiyyətləri nəzərə alınmayıb. Dərslikdə riyazi terminlər harada gəldi və təhrif edilmiş şəkildə verilib. Dərsliyin Azərbaycan və rus variantlarında xeyli uyğunsuzluqlar var. Dərslikdə çoxlu sayda struktur, elmi-pedaqoji səhvlər və dil-üslub xətaları var. Dərsliyin tərtibatı nöqsanlıdır”.
Qeyd olunub ki, “Həyat bilgisi” fənni üzrə dərslik komplekti təhsil proqramında (kurikulumda) nəzərdə tutulmuş məzmun standartlarının reallaşdırılması baxımından çox qüsurludur. Komplektdə məzmun, dil-üslub, bədii tərtibat və dizayn baxımından çoxlu sayda səhvlər var. Dərslik komplekt fənn kurikulumunun fəlsəfəsinə və onun tələblərinə cavab vermir, bu vəsaitlərlə standartlarda təsbit olunmuş bilik, bacarıq, vərdiş və dəyərləri tam formalaşdırmaq – “Həyat bilgisi” fənninin tədrisi ilə bağlı vəzifələri yerinə yetirmək mümkün deyil.
TQDK “İngilis dili” fənni üzrə dərslikdə 2-ci sinif xarici dil kurikulumunun tələblərinin pozulduğu, sadədən mürəkkəbə prinsipi və inkişafyönümlülük tələbləri gözlənilmədiyi qənaətindədir: “Təlim prosesi təkrar bacarıqların formalaşdırılmasına yönəldilib, eyni standartların mənimsənilməsi əsas götürülüb və hazır şəkillər üzrə təsvirlər əsasında ənənəvi bir dərs modeli verilib. Bu modellə təkrar fəaliyyəti möhkəmləndirən söz və ifadələrin əzbərlənməsi tələb olunur və şagird fəaliyyəti məhdudlaşdırılır. Müəllim üçün metodik vəsaitdə standartların tətbiqi, açılması yolları, məqsədləri düzgün qoyulmayıb, inteqrativlik, təlimin təşkili yolları, yeni təlim üsulları demək olar ki, tətbiq edilməyib. Texnologiyalar ənənəviliyə meylli şəkildə verilib”.