Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 17-də II və III ixtisas qrupları üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirəcək.
Bu barədə virtualaz.org saytına TQDK-dan məlumat veriblər.
Xəbərdə deyilir ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda ümumilikdə 30 mərkəzdə təşkil olunacaq.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.
Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər mayın 8-dən etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
TQDK xəbərdarlıq edir ki, imtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaq