TQDK I və IV qruplar üçün imtahan keçirəcək

TQDK I və IV qruplar üçün imtahan keçirəcək
Bütün Xəbərlər
19:51 10.07.2015
1739
İmtahan 3 saat davam edəcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 14-də 2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
TQDK-nın mətbuat xidmətindən AZXEBER.COM-a verilən xəbərə görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 47 binada aparılacaq.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11-də başlanacaq və 3 saat davam edəcək.
Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
İmtahanda abituri­yentlərə hər fəndən 25 test tapşırığı olmaqla ümumilikdə 125 test tapşırığı təqdim olunur. I ixtisas qrupunda riyaziyyat, fizika və kimya fənlərindən, IV ixtisas qrupunda isə riyaziyyat, kimya və biologiya fənlərindən son 4 sual açıq tipli test tapşırıqlarıdır.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.
Məlumat üçün bildirək ki, imtahanda 26920 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 22381 nəfəri I qrup üzrə, 4539 nəfəri IV qrup üzrə imtahan verəcək.
OXŞAR XƏBƏRLƏR