TQDK ilə Təhsil Nazirliyinin "müharibəsi" (ARAŞDIRMA)

GƏNCLİK
23:54 12.12.2011
2945
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə Təhsil Nazirliyi arasındakı savaş son günlər açıq müstəviyə keçib və tərəflər bir- birini artıq mətbuat səhifələrində qarşılıqlı olaraq ittiham etməyə başlayıblar. İlkin olaraq TQDK sədri Məleykə Abbaszadə hücuma keçərək Misir Mərdanovu bir sıra məsələlərdə ittiham etdi və istər tədrisin, istərsə də dərsliklərin keyfiyyətsizliyini qınayaraq dolayısıyla Misir Mərdanovun günahkar olduğunu dilə gətirdi. Nazir isə hələlik mətbuat önünə çıxmağa və TQDK sədrinin ona yönəlik ittihamlarına cavab verməyə tələsmir. Hələlik təhsil nazirinin müavini Qulu Novruzov və nazirliyin Dərsliklər və Nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı məsələyə münasibət bildirib, hər iki nazirlik rəsmisi də iki dövlət strukturu arasındakı münaqişənin mətbuat səhifələrinə çıxarılmasını qınayıb. Üstəlik, Faiq Şahbazlı TQDK sədrini plagiatlıqda da ittiham edərək adıçəkilən qurum tərəfindən xüsusi hazırlıq kurslarının təşkil olunmasının və bu kursları məhz “bunker müəllimləri”n aparmasının yolverilməzliyini də ictimaiyyətə açıqlamağı lazım bilib... Mətbuatsa fürsəti fövtə verməyərək “kim haqlıdır” sualına cavab axtarışına çıxıb və münaqişə tərəflərinin hansının haqlı olduğunu üzə çıxarmaq üçün ictimai müzakirələrə start verilib. Fikirlər haçalansa da çoxları məhz Məleykə Abbaszadənin ittihamlarının haqlı olduğunu düşünür və təhsilin keyfiyyətinin ildən-ilə aşağı düşməsində məhz nazirliyin günahkar olduğu qənaətindədir. Əslində yuxarıda adları çəkilən nazirlik rəsmiləri də dolayısı ilə bu ittihamları qəbul etdiklərini etiraf ediblər, sadəcə bu cür fikirlərin ictimailəşməməsinn tərəfdarı olduqlarını söyləyiblər. Ancaq gəlin görək ölkə təhsilinin bu vəziyyətə düşməsinə görə daha kimlər və ya hansı instansiyalar cavabdehlik daşıyır? Əlbəttə, birmənalı olaraq təhsilin keyfiyyətinin aşağı düşməsində Təhsil Nazirliyi rəhbərliyinin məsuliyyəti həddindən artıq çoxdur və bu qurumun illər uzunu ictimai qınaq hədəfinə çevrilməsində başda Misir Mərdanov olmaqla səlahiyyət sahiblərinin bu və ya digər formada qəbahətləri var. Ancaq reallıqdan çıxış edərək yaranmış problemin səbəblərinə diqqətlə fikir verdikdə təqsirkarların Təhsil Nazirliyiylə məhdudlaşmadığını asanlıqla müəyyənləşdirmək mümkündür. Təsadüfi deyil ki, bir neçə gün öncə nazirlikdə keçirilən kollegiya iclasında Misir Mərdanov zalda əyləşən universitet rektorlarına xitabən saxta diplomların verilməsində məhz onların da günahkar olduğunu dilə gətirmişdi və nazirin bu ittihamından sonra TQDK sədri Məleykə Abbaszadənin yenidən ittihamlarla çıxış etməsini də təsadüfi hesab etmək olmaz. Bu haqda bir qədər sonra. Hələliksə həmin kollegiya iclasında nazirin Göygöl rayon Təhsil .öbəsinin müdiri Altay İsmayılovun etdiyi çoxsaylı qanunsuzluqlara görə məhz onun tərəfindən işdən çıxarılmasından sonra onun həmin rayonun İcra Hakimiyyətinin başçısı Arif Seyidov tərəfindən öz doğma kəndinə məktəb direktoru təyin edildiyini dilə gətirməsinə diqqəti yönəltməklə əslində ölkənin təhsil sferasının idarəolunmasındakı hərc- mərcliyi, çoxhakimiyyətliliyi oxucularla paylaşmaq istərdik. Azərbaycanda bu cür faktlar onlarladır və bu gün heç kimə sirr deyil ki, nəinki paytaxtda, hətta əyalət rayonlarında da məktəb direktorları fironluq edirlər və məhz bu cür ərköyün “balaca padşahlar” rayon icra başçılarından “xeyir- dua” alaraq sözün həqiqi mənasında təhsilin- tədrisin atasına od vururlar. Nəinki təhsil ictimaiyyəti, hətta hakimiyyətin ən üst qatında olan səlahiyyətlilər də bilirlər ki, az qala bütün rayonlarda Təhsil şöbələrinin müdirləri heç nədən çəkinmədən həm nazirlyi xəbərdar belə, etmədən müəllim və ya direktor təyin edirlər, həm də saxta diplomlulara çoxminli yaşıl əskinasların hesabına yaşıl işıq yandırırlar. Nazirliksə belələrini cəzalandırmaqda acizdir və məhz bu cür cəzasızlıq mühiti sonda ölkə təhsilinin ötən hər gün daha da acınacaqlı duruma yuvarlanmasına səbəb olur. Başqa bir həlledici məqamsa təhsil işçilərinin inanılmaz dərəcədə az maaş almalarıdır və düz üç ay öncə müəllimlərin respublika konfransında Misir Mərdanovun səsləndirdiyi “heç kim 200 manata görə əsəblərini korlamaq istəməz. Sən müəllimə 200 yox, 2000 manat ver və bundan sonra ondan keyfiyyətli tədris tələb et” məhşur fikirləri xatırlatmaq yerinə düşərdi. Yeri gəlmişkən, bu günlərdə bütün intizarlı gözləntilərin əksinə olaraq təhsil işçilərinin (özü də yalnız orta məktəb sferasında çalışanların, hələlik ali məktəb müəllimləri bu səxavətdən məhrumdurlar) umsuq edilmələri və 10 faizlik artımla gerçəkdən ələ salınmaları da unudulmamalıdır və mikroskopla təhsilin keyfiyyətində qüsur axtaran media mənsubları və ya ekspertlər bu məqamı nəzərə almağa borcludurlar. Yəni sadəcə kimlərinsə sifarişi və ya qərəzdən doğan birərəfli yanaşmalarla məsələyə münasibət bildirmək yox, problemin kompleks araşdırılması zərurəti var və qiymətləndirmə aparılarkən bütn incəliklər nəzərə alınmalıdır. Təbii ki, münaqişənin digər tərəfi haqda da tənqidi notlarla çıxış etmək olar və TQDK sədrinin də mələk olmadığını iddia etmək üçün kifayət qədər ipucları olduğu qənaətindəyik. Bu gün Məleykə xanım tez- tez təkrarlayır ki, mərkəzləşdirilmiş test imtahanlarından yüksək nəticələr əldə edənlərin xeyli hissəsi 0-200 arasında bal toplayır və bu da onların biliklərinin qiymətləndirilməsində neqativlərə yol verildiyini göstərir. Eyni məntiqlə çıxış edərək iddia edə bilərik ki, test imtahanlarından 600- 700 bal toplayan abituriyentlərin də xeyli hissəsi elə ilk semestr imtahanlarındaca büdrəyir və onların doğrudan da həmin balları ədalətli şəkildə topladıqlarına əsaslı şübhələr yaranır. Maraqlıdır ki, bir neçə dəfə bu tip ittihamlar parlament tribunasından da səsləndirilib və bir müddət öncə deputat Fəzail Ağamalı TQDK sədrini ittiham edərək şübhəlli tələbə qəbulları həyata keçirdiyini söyləmişdi. Əlbəttə, əlimizdə Məleykə xanımı ittiham etmək üçün faktlar olmasa da, Azərbaycan çox kiçik ölkədir və kimin nə işlə məşğul olduğunu ictimaiyyət də, səlahiyyət sahibləri də bilir. Bir sözlə, cidanı çuvalda gizlətmək mümkün deyil və üstəlik, bu hakimiyyətin idarəçiliyi dövründə mələk olmağın özü cinayət məsuliyyəti yarada bildiyindən TQDK sədrinin də qarşı tərəfi ittiham edərkən ifrata vardığını söyləmək olar.  Fəzail Ağamalıdan söz düşmüşkən, bir vaxtlar təhsil haqqında qanunun bəxtinin açılmamasının səbəblərini soruşduqda Ana Vətən Partiyasının sədri bunu jurnalistlərə açıqlamasında iki qadının kaprizi kimi dəyərləndirmiş, Prezident Adminstrasiyası Humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadəylə TQDK sədri Məleykə Abbaszadənin yola getməməsi üzündən bu qanunun qəbulunun ləngidiyinə eyham vurmuşdu. Artıq o dövr arxada qalsa da, kaprizli davranışlar hələ davam edir və görünən odur ki, Məleykə xanım Misir Mərdanovun istefasına nail olmayanadək silahını yerə qoymaq fikrində deyil. Görünən bir də odur ki, o bu savaşda tək deyil və sonuncu kollegiya iclasında üstüörtülü ittihamlarla üzləşən universitet rektorlarından kimlərsə təhsil nazirini bitirmək üçün TQDK sədrinə mənəvi dəstək verir. Hər halda hadisələrin kulminasiya nöqtəsinə çatmasına hələ çox var və böyük ehtimalla qarşıdakı dönəmlərdə daha maraqlı, daha ağır ittihamların dilə gətirilməsinin şahidi olacağıq. Hələliksə, əzələ nümayişi davam edir... Zülfüqar Hüseynzadə

OXŞAR XƏBƏRLƏR