ABŞ Britaniyanın Feyrford aviabazasında saxlanılan şəxslərin fəaliyyətini araşdırıb.
Bunu ABŞ Prezidenti Donald Tramp Çikaqoda keçirilən brifinqdə deyib.
"Britaniyada baş verən həbslər əla keçdi. Britaniya hakimiyyəti ilə əməkdaşlıq möhtəşəm idi", - deyə dövlət başçısı bildirib.
Trampın sözlərinə görə, saxlanılan şəxslər ciddi zərər vurmaq niyyətində olublar. Lakin ABŞ və Britaniya onları uzun müddət izləyib və nəticədə şübhəlilər saxlanılıblar.
Bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin strateji bombardmançılarını yerləşdirmək üçün istifadə etdiyi Britaniyanın Feyrford aviabazası ərazisində fövqəladə vəziyyət elan edilib və yaxınlıqdakı evlərin sakinləri təxliyə olunub.
Bir neçə nəfər partlayıcı maddələrlə bağlı qanunu pozmaqda şübhəli bilinərək saxlanılıb. Ordu mütəxəssisləri isə aviabazanın yaxınlığındakı avtomobilləri yoxlayıblar.
ABŞ Hərbi Hava Qüvvələri Feyrford aviabazasından İrana zərbələr endirmək üçün istifadə edib. Tehran isə bazanı cavab zərbəsi üçün qanuni hədəf adlandırıb.
Daha əvvəl Tramp İranla danışıqların yeni raundunun keçiriləcəyini açıqlayıb.











































