ABŞ Prezidenti Donald Tramp Kaliforniya ştatında ölüm cəzasına məhkum edilmiş şəxslərin cəzalarının ömürlük həbslə əvəzlənməsi qərarını tənqid edib.
Tramp bu barədə "Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, Kaliforniya qubernatoru Qevin Nyusom ştatda ölüm cəzasına məhkum edilmiş 563 nəfərlə bağlı hökmlərin icrasını dayandırıb.
"Bu, Amerikada ədalət sistemi üçün fəlakətdir”, – Tramp bildirib.
ABŞ Prezidenti həmin məhkumların bir çoxunun dəfələrlə qətl törətdiyini iddia edərək qərarın ləğv olunacağına ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, Qevin Nyusom ötən həftə Kaliforniyada bütün ölüm hökmlərinin vaxtından əvvəl azadlığa çıxmaq hüququ olmadan ömürlük həbslə əvəzlənməsi barədə qərar qəbul etdiyini açıqlayıb.
Qubernator dövlət tərəfindən həyata keçirilən edamların Kaliforniyanın dəyərlərinə uyğun olmadığını bildirib.
Nyusom 2028-ci il prezident seçkilərində Demokratlar Partiyasından mümkün namizədlərdən biri kimi müzakirə olunur. O, prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı qərarını yanvarda verəcəyini açıqlayıb.
///apa.az











































