TRT-nin ermənilərlə dostluğu haqda: "İnsanda vicdan, insaf olar"

Bütün Xəbərlər
19:22 28.02.2011
1702
26 fevralda TRT1 kanalında yayımlanan “Pusula” proqramı əvvəldən axıra qədər türk-erməni dostluğuna həsr olundu. İki xalq arasında dostluq münasibətlərinin qurulması, biznes əlaqələrinin vacibliyi, həmçinin vətəndaş cəmiyyətlərinin və biznes strukturlarının bu “dostluq münasibətlərinin qurulmasındakı” rolundan bəhs edilib. Həqiqətən də anlaşılmaz bir vəziyyətdir. Qardaş Türkiyə respublikası Xocalı soyqırımını rəsmi şəkildə parlamentində tanımaq əvəzinə, həmin gün dövlət telekanalında ermənilərlə dostluğa həsr olunmuş proqram yayımlayır...

Bu məsələ ilə bağlı Milli.Az xəbər portalının suallarını “XXI əsr - Türkiyə İnstitutu"nun siyasi analitiki Dr.Ələsgər Ələsgərli cavablandırır.

- Ələsgər bəy, TRT1-in Xocalı soyqırımının ildönümü günü erməni-türk “dostluğunu” tərənnüm edən proqramın yayımlaması hansı maraqlara xidmət edir? Maraqlı olan odur ki, veriliş nə üçün məhz Xocalı soyqırımının ildönümü günü yayımlandı? Bu oyunun arxasında Türkiyənin siyasi hakimiyyət çevrəsində Ermənistanla sərhədlərin açılmasını dəstəkləyən qüvvələr durur, yoxsa bizim bilmədiyimiz başqa səbəblər də var?

- Türkiyədə sayı az, amma çox yaxşı təşkilatlanmış erməni lobbisi var. Bəlkə bir az qəribə səslənəcək. Ancaq tam məsuliyyətlə deyə bilərəm, Türkiyə, erməni lobbisinin ən güclü olduğu ölkələrdən biridir.
Hökümətin “erməni açılımı” siyasəti başladığı zaman aparılan təbliğat işləri Türkiyədə avtoritar rejimlərdəki təbliğatı xatırladırdı. Hökümət və hakim partiyaya yaxın olan araşdırma mərkəzləri, tərəfkeş ziyalılar, mətbuat orqanları və s. hamısı səfərbər olaraq dostluq təranələri çalırdılar. Bu vəziyyət Ermənistan-Azərbaycan münaqişəsinin ilk dövründə Azərbaycandakı rəsmi mətbuat orqanlarındakı vəziyyəti xatırladırdı. O dövrdə ilk vaxtlar təbliğat bilirsiniz necə aparılırdı? Guya hansısa üçüncü qüvvə Azərbaycan və Ermənistan xalqları arasına nifaq toxumu salır, iki xalqı qarşı-qarşıya qoyur. Türkiyədə də sərhədlərin açılmasını dəstəkləyən qüvvələr buna bənzər hava əsdirirdilər. Ermənistan Konstitusiya Məhkəməsi Türkiyə və Ermənistan arasında imzalanmış protokollarla bağlı qərar çıxardıqdan sonra bu təbliğat səngidi. Ancaq nə qədər qəribə səslənsə də, Türkiyədəki erməni tərəfdarları protokollarla bağlı prosesin təxirə salınmasında Türkiyəni günahlandırırdılar. Bu proses təxirə salınsa da, yenidən davam etməyəcəyinə heç kim zəmanət verə bilməz. Sabah Ermənistanla diplomatik münasibətlərin qurulması prosesi yenidən başlayacaqsa, buna heç kim təəccüblənməsin. Bəhanələri və ya özlərinə görə arqumentləri də var: Türkiyə danışıqlar masasından qaçan dövlət olmamalıdır.
Bunu bir vaxtlar Ermənistan-Türkiyə münasibətlərini müdafiə edən, göz görə-görə ictimaiyyəti aldatan, həqiqətləri görmək istəməyən və nəticədə Türkiyənin xarici siyasətini məğlubiyyətə uğradan kəslər deyir. Bu cür proqramlar erməni lobbisinin və onları müdafiə edən qrupların maraqlarına uyğun gəlir.

- Veriliş son illər strateji səviyyədə inkişaf edən, Azərbaycan-Türkiyə münasibətlərinə mənfi təsir edəcəkmi?

- Nə yaxşı ki Türkiyə ictimaiyyəti var, türk milləti var. Hökümət Ermənistanla diplomatik münasibətlər məsələsini, sərhəd məsələsini gündəmə gətirəndə Azərbaycanın təpkilərindən çox türk millətinin təpkilərinə görə geri addım atmaq məcburiyyətində qaldı.
Əlbəttə, bir veriliş iki ölkə arasındakı münasibətlərin soyuqlaşmasına təsir etməməlidir. Amma bir məsəl var: “Dama- dama göl olar.” Bu cür hərəkətlər təəssüf ki, ilk və son deyil. Ona görə də belə hərəkətlərə lazımi reaksiya verilməlidir. Azərbaycanın Türkiyədə Səfirliyi var. Lazımı yerlərə etirazlarını bildirməlidir.
Heç kimi bunu media azadlığı məsələsi ilə bağlamasın. TRT Türkiyənin dövlət kanalıdır. “Pusula” proqramının nə zaman yayıma başlaması məsələsini TRT-nin müvafiq məmurları həll edir. Her şeyi bir kənara qoyaq. İnsanda vicdan, insaf olar. Mən, bu hərəkəti insanlıq ölçüsünə sığışdıra bilmirəm. Proqramı yayıma verənlərə səslənirəm: Sən ermənilər üçün əldən-ayaqdan gedə bilərsən, sevə bilərsən, bağrına basa bilərsən. Ancaq Azərbaycan xalqının matəm içində olduğu bir gündə, Xocalı soyqırımı günündə bu verilişi verməyə ən azından mənəvi haqqın çatmır. Ən azından bir həftə əvvəl və ya bir həftə sonra verərdiniz efirə.

TRT-dən məsul dövlət naziri və Baş nazirin müavini Bülənd Arınc, TRT-nin rəhbəri İbrahim Şahin bu məsələni araşdırmaq məcburiyyətindədirlər.
Bilirsiniz, 2009-da əvvəl NTV, sonra da “Axşam” qəzetlərinin əməkdaşları birbaşa Dağlıq Qarabağa getmişdilər. “Akşam” qəzetinin yazarlarından Nagahan Alçı ermənipərəst media tərəfindən az qala qəhraman elan edilmişdi. Daha sonra onu TRT-2-də bir proqrama çağırdılar. Proqram başdan ayağa cəfəngiyyat, yalan və böhtanla dolu idi. Təsəvvür edin nə deyirdilər proqramda: “Azərbaycanın bu səfərə təpkisi komik deyilmi? Sovetlər birliyi dağıldıqdan sonra, Dağlıq Qarabağda ermənilərlə və azərbaycanlılar arasında çatışma başlayır. Bir-birlərini öldürürlər. Azərbaycanda ermənilərə qarşı sistematik yoxetmə siyasəti yürüdülüb”. (!)
Bəlkə bunu bu şəkildə ifadə etmək ermənipərəstlər üçün çox xoş səslənir. Biz o zaman pulunu ödəyərək proqram diskinin surətini aldıq və Azərbaycan səfirliyinə göndərdik. Hər şeyi bir tərəfə buraxaq, burada böhtana görə, məsuliyyət məsələsi var. Amma heç bir nəticə əldə edilmədi. Ona görə də, bu gün belə xoşagəlməz halların yaşanmasını təbii qarşılayıram və sabah da olarsa, təəccüblənməyəcəyəm.

- Amma onu da qeyd edək ki, Xocalı soyqırımının dünya tanıdılmasında TRT kanalının da böyük rolu olub...

- Bir məsələni xüsusilə vurğulamaq istəyirəm. TRT Xocalı soyqırımı kadrlarını dünyaya yayan media orqanlarından biridir. Azərbaycanın informasiya blokadasında olduğu dövrlərdə Azərbaycanın dərdlərini Türkiyə ictimaiyyətinə və dünyaya çatdıran çox sayda cəsur, vətənpərvər və obyektiv əməkdaşları var. Onlar hər zaman Azərbaycanın yanında, daha doğrusu ədalətin tərəfində yer almışdır. Bu il də bir gün əvvəl İctimai Televiziya ilə birlikdə canlı veriliş yayımladılar. Bir çox proqramda Xocalı faciəsi gündəmə gətirildi.
Hər halda “Pusula” verilişiylə bağlı etirazlara cavab olaraq verilişin yayınlanmasında hər hansı bir qərəzli yanaşmanın olmadığını deyəcəklər. Təbii haldır, özünümüdafiə instiktidir. Amma həqiqətən də erməni lobbisi çox yaxşı işlədi və verilişin yayımlanması bunu bir daha təsdiqlədi.

Elnur Eltürk

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR