Son illərdə ictimai nəqliyyatda, xüsusilə də avtobuslarda baş verən xoşagəlməz hadisələr tez-tez media gündəmini zəbt edir.
Hər gün yüz minlərlə vətəndaşın istifadə etdiyi bu nəqliyyat vasitələrində yaşananlar cəmiyyətdə ciddi narahatlıq və geniş müzakirələrə səbəb olur.
Məsələ o həddə çatıb ki, sürücü səhlənkarlığı, qayda pozuntuları, texniki nasazlıqlar və avtobus daxilində yaşanan münaqişələr artıq gündəlik həyatın adi halına çevrilib.
Bir tərəfdən avtobusların müasirləşdirilməsi sərnişindaşıma keyfiyyətini artırmağa yönəlsə də, digər tərəfdən vaxtaşırı gündəmə gələn bu cür hadisələr sürücü məsuliyyəti və sərnişin təhlükəsizliyi ilə bağlı sualları yenidən aktuallaşdırır.
AZXEBER.COM son illərdə ölkə gündəmində ən çox rezonans doğuran avtobus qalmaqallarını təqdim edir:
Bir neçə gün əvvəl metronun "20 Yanvar" stansiyası yaxınlığında 67 nömrəli marşrut avtobusunun sürücüsü sərnişinin hücumuna məruz qalıb. Sürücünün döyülməsi ilə nəqliyyat vasitəsində yaşanan hadisəni törədən 26 yaşlı şəxs polis tərəfindən saxlanılıb.
İyul ayında 13 nömrəli marşrut avtobusunun sürücüsü dayanacaqda "Stop" düyməsinin səhvən basılmasına etiraz edərək nəqliyyat vasitəsini saxlayıb, kondisioneri söndürüb və sərnişinləri gözlədərək yolun kənarında siqaret çəkib. Hadisə sərnişinlərin kəskin narazılığına səbəb olub. Araşdırmadan sonra "BakuBus" sürücünün xidməti vəzifələrini pozduğunu təsdiqləyib, sərnişinlərdən üzr istəyib və intizam tədbiri görüldüyünü açıqlayıb.
Geniş müzakirə olunan digər hadisə 211 nömrəli marşrut avtobusunda autizmli uşağın skuterlə nəqliyyat vasitəsinə minməsinə icazə verilməməsi ilə bağlı olub. Cəmiyyətdə ciddi narazılıq doğuran hadisədən sonra "BakuBus" sürücünün qaydaları düzgün tətbiq etmədiyini etiraf edərək ailədən üzr istəyib və sürücünün cəzalandırıldığını bildirib.
Faciəvi hadisələrdən biri isə iyun ayında Sabunçu rayonunda qeydə alınıb. 214 nömrəli marşrut avtobusu yaşlı qadını vuraraq ölümünə səbəb olub. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılaraq geniş ictimai müzakirələrə yol açıb.
Nəqliyyatda baş verən digər ağır hadisə Qaraçuxur qəsəbəsində yaşanıb. 55 nömrəli marşrut avtobusunun 60 yaşlı sürücüsü sükan arxasında infarkt keçirərək həyatını itirib.
Yasamal rayonunda isə taksi sürücüsü ilə avtobus sürücüsü arasında yaranan mübahisə fiziki qarşıdurmaya çevrilib; avtobus sürücüsünə xəsarət yetirən şəxs polis tərəfindən saxlanılıb.
Marşrut avtobuslarında münaqişələrlə yanaşı, maraqlı anlar da yaşanıb. Belə ki, sürücülərdən biri iş vaxtı digər sərnişinlərin gözü qarşısında sevgilisinə evlilik təklifi edib. Hadisə sosial şəbəkələrdə geniş yayılaraq müsbət reaksiyalarla qarşılanıb.
Ötən il – 2025-ci ildə də oxşar qalmaqallar gündəmi zəbt edib. "BakuBus" sürücüsü piyada keçidində yol vermədiyi piyadanı döydüyünə görə işdən çıxarılıb. Digər bir hadisədə isə məktəbli qızı piyada keçidində vuraraq ölümünə səbəb olan avtobus sürücüsünə məhkəmənin hökmü ilə 5 il 3 ay həbs cəzası verilib.
Həmçinin 211 nömrəli avtobusun sürücüsünün sükan arxasında telefonla video izləməsi və tum çırtlamasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra "BakuBus" həmin sürücünü işdən azad edib.
Digər hallarda isə 525 nömrəli marşrutun sürücüsünün sərnişinləri avtobusda gözlətdiyi halda siqaret çəkməsi, 3 nömrəli marşrutun sürücüsünün yaşlı qadının arxa qapıdan minməsinə görə "Düş, avtobusu sürmürəm" deyərək xidməti dayandırması tənqidlərə səbəb olub.
Həmin il 183 nömrəli marşrutun sürücüsünün sükan arxasında pivə içdiyi iddiası gündəm olub. Sürücü isə bunun pivə deyil, kvas olduğunu bildirib.
2023-cü ildə isə 5 nömrəli avtobusun sürücüsünün sərnişinləri yolda qoyaraq taksiyə minib getməsi və iki avtobusun yolda bir-biri ilə yarışa girməsi ölkə gündəminə çevrilmişdi. Hər iki hadisədən sonra cavabdeh sürücülər barəsində inzibati tədbirlər görülmüşdü.
Fəridə Əsədzadə











































