“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) 08.08.2015 tarixində təşkilatın qərərgahındamilli ideologiyamızın formalaşmasında xüsusi xidmətləri olan Əli bəy Hüseynzadənin (Əli Hüseyn Turan)həyat və yaradıcılığına həsr olunmuş seminar keçirdi.
AZXEBER.COM xəbər verir ki, TUMİB-in sədri Çingiz Bayramov seminarı açıq elan etdi və qeyd etdi ki, milli ideologiyamızın formalaşmasında rolu olan, tariximizdə xüsusi xidmətləri olan ziyalıları gənc nəslə daha yaxından tanıtmaq və bunun gənclərin milli-mənəvi dəyərlər baxımdan yetişməsi, maariflənməsi baxımından əhəmiyyətini nəzərə alaraq silsilə tədbirlərə başladıqlarınıı bildirdi. Natiq ilk silsilə tədbirin Azərbaycançılıq məfkurəsinin banilərindən, böyük mütəfəkkir Əli bəy Hüseynzadənin (Əli Hüseyn Turan)həyat və yaradıcılığına həsr olunmasının önəmindən və 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamından danışdı. Natiq Ulu Öndər Heydər Əliyevin “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır” fikrinin Əli bəy Hüseynzadə kimi mütəfəkkirlərin öyrənilməsi üçün gənclərə bir stimul olduğunu bildirdi.
Daha sonra söz seminarın məruzəçisi TUMİB-in Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri Əli Fərhadova verildi. Əli Fərhadov öz məruzəsində Əli bəy Hüseynzadənin “Həyat”, “Füyuzat” kimi ilk azərbaycandilli mətbuat orqanlarındakı rolundan, onun milli və dini maarifçilik fikirlərindən, cəhalətə, xurafata qarşı mübarizəsindən, türkçülük, islamçılıq və müasirləşmək istiqamətindəki çalışmalarından bəhs etdi. Əli bəy Hüseynzadənin milli mədəniyyətin formalaşması üçün islam və Avropa mədəniyyətlərini milliliklə sintez etməsi sahəsindəki fikirləri natiq tərəfindən vurğulandı.
Əli Fərhadovdan sonra TUMİB Tarix Mərkəzinin rəhbəri Əkbər Nəcəf, Üsküdar Universitetinin bölüm rəhbəri, sosioloq Əbülfəz Süleymanlı, TUMİB-in fəal üzvü Babək Xəlilov, taekvando üzrə milli hakim və idman jurnalisti Təranə Xudabaxşıyeva, “Müvəkkil” Hüquq Mərkəzinin sədri Səməd Vəkilov, TUMİB-in İdarə Heyətinin üzvü Cabir Dövlətzadə öz çıxışlarında Əli bəy Hüseynzadənin Azərbaycan mədəniyyətindəki rolundan, azərbaycançılığa və türkçülüyə etdiyi xidmətlərdən bəhs etdilər. Tədbirdə TUMİB-in Gənclər Mərkəzinin rəhbəri Gülər Qasımlı, onun müavini Samir Penaliyev, TUMİB-in Mətbuat Xidmərinin rəhbəri Səbinə Novruzzadə, TUMİB-in Gənclər Mərkəzinin üzvləri Türkan Əliyeva, Asif Hacıyev, Məhəmməd Əsgərov, Cəmilə Aslan və sair gənclər, tələbələr də iştirak etdilər.
Tədbirin sonunda iştirakçıların suallarına cavab verildi və bu istiqamətdə silsilə tədbirlərin gələcəkdə də davam edəcəyi bildirildi.