“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) Avropa Parlamentinin “erməni soyqırımı”nı tanıyan Qətnaməsini pisləyən bəyanat yayıb. Bəyanata əsasən “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Avropa Parlamentinin bu ədalətsiz Qətnaməsini şiddətlə qınadığını bildirib. Həmçinin Avropa Parlamentindən 31 Mart və Xocalı soyqırımlarını tanımasını tələb edildiyi vurğulanıb.
Bəyanatı olduğu kimi təqdim edirik:
“Avropa Parlamentinin ermənilərin qondarma soyqırımı iddiasını tanıyan qətnamə qəbul etmişdir.
XX əsrin əvvəllərində, eləcə də XX əsrin 80-90-cı illərində erməni terrorçuları tərəfindən müxtəlif soyqırımlara, işgəncələrə məruz qalmışdılar. Bu, müxtəlif tarixi mənbələrdə əksini tapmışdır. Mövcud mənfur siyasət XX əsrin sonlarına doğru Xocalı faciəsinin timsalında özünün ən yüksək azğınlıq səviyyəsinə çatmışdır. Nəticə etibari ilə Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğala məruz qalmışdır. İyrimi ildən artıqdır ki, bu işğal davam edir. Bir milyondan artıq Azərbaycan türkünün haqqı tapdanır. BMT-nin Azərbaycan ərazisinin işğala məruz qaldığını təsdiqləyən dörd qətnaməsi icra olunmamış qalır. Belə bir durumda Avropa Parlamentinin “erməni soyqırımı”nı tanıması ədalətszlikdir və qurumun demokratiya və insan haqlarının müdafiəçisi imicinə ziddir.
Avropa Parlamenti XX əsrin əvvəllərində Osmanlı dövlətinə qarşı hərbi əməliyyatlar aparan Rusiya ilə müttəfiq olan erməni terrorçularının cinayətlərinə göz yumur. Belə bir təşkilatın 2015-ci ildə “erməni soyqırımı”nın 100 illiyi münasibətilə Türkiyəni, bütün dünyanı bu “soyqırım”ı tanımağa məcbur etmə iddiası tarixi həqiqətləri təhrif etməklə yanaşı, dünyada sülh və sabitliyə də zərbə vurur.
Azərbaycanda və Türkiyədə dini və milli tolerantlıq ən yüksək səviyyədə olub, tarix boyu digər din və millət mənsublarına sevgi və hörmətlə yanaşılıb. Avropa Parlamentinin torpaqları işğal altında olan, bir milyondan çox qaçqın və köçkünü olan məzlum azərbaycanlıları və türkləri nəzərə almaması, erməni avantürasının girovuna çevrilməsi dərin təəssüf hissi doğurur.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) olaraq Avropa Parlamentinin bu ədalətsiz Qətnaməsini şiddətlə qınayır, Avropa Parlamentindən 31 Mart və Xocalı soyqırımlarını tanımasını tələb edirik”.