İyunun 21-də Sumqayıt şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) “İnsan hüquq və azadlıqlarının reallıqları” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir.TUMİB-dən AzərTAc-a verilən xəbərə görə, ictimai birliyin sədri Çingiz Bayramov iştirakçılara layihə haqqında məlumat verərək bildirmişdir ki, bu cür tədbirlərin keçirilməsinə ehtiyac böyükdür. Ötən illərlə müqayisədə insan hüquq və azadlıqları ilə bağlı cəmiyyətin maariflənməsinə daha çox diqqət ayrılmasına baxmayaraq, insanların zəruri bilik və vərdişlərə yiyələnməsi öz aktuallığını bu gün də saxlamaqdadır.Qeyd olunmuşdur ki, insan hüquq və azadlıqlarının cəmiyyətin bütün təbəqələri tərəfindən mənimsənilməsi vacibdir. Lazımi biliklərə malik olmayan insanlar bəzən uğursuzluğa düçar olur, təşəbbüslərlə çıxış edə bilmirlər. Layihənin məqsədi də bu sahədəki boşluğun aradan qaldırılmasına yardımçı olmaqdır.Daha sonra layihənin təlimçisi Aidə İmamova əsas insan hüquq və azadlıqları haqqında ətraflı məlumat verərək bu istiqamətdə aparılan maarifləndirmə işlərinin əhəmiyyətindən danışmışdır.Tədbirdə TUMİB-in fəal üzvlərinin və tələbələrin çıxışları da dinlənilmişdir. Təklif olunmuşdur ki, insan hüquq və azadlıqları ilə bağlı silsilə tədbirlər işgəncələrin qadağan olunması, insan alveri, şəxsi və ailə həyatına hörmət hüququ, fikir, vicdan, din azadlığı və digər mövzularda davam etdirilsin.Tədbirin sonunda təlimdə fərqlənənlər TUMİB-in diplomları ilə təltif olunmuşlar.