Turan İbrahimov Eynulla Fətullayev haqda yazdı

KÖŞƏ
22:29 23.03.2011
2299

Olduqca arzuolunmaz, misgin vəziyyət. Hələ bir neçə ay bundan öncəyədək müxalifət qəzetlərində dikbaş, üsyankar, romantik-inqilabçı obrazı cızılan bu insan, indi olduqca real və daha gerçək görünməyə başlayıb... Bir neçə ay öncəyədək “içəridən” sanki özünün gələcək addımlarına hesablanmış bəyanatlar, məqalələr, məktublar yazan bu adam, indi qəribə bir panika içərisindədir. Ölkəmizin dinamik, bəzən gərəkli, bəzən isə süni dəyişən gündəmi onu bu vəziyyətə salıb. Daha doğrusu unudulmaq, kölgədə qalmaq qorxusu... Sınmaz, əziyyətlərə qatlanmağa razı olan Eynulla indi artıq qəlblərin “sarı siminə” toxunan, toxunmağa çalışan üslub seçib. Tez-tez sağlıq durumunun pisləşdiyini, həyatına təhlükənin yarandığını oxumağa başlamışıq. Hərdən insana elə gəlir ki, Eynulla Fətullayev tutduğu yoldan əməlli başlı peşman olub, amma onu qınayacaqlar, lağa qoyacaqlar deyə açıq-aşkar etiraf edə bilmir. Əks halda, vaxtı ilə nicatı qərb institutlarından gözlədiyini vurğulayan, onlara güvəndiyini nümayyiş etdirən, ölkə başçısına avantürist, populist iddialarla dolu açıq məktub yazan vaxtlarını unutmazdı. Özünü Azərbaycan rəsmilərindən üstün görən, müəyyən məqamlarda hətta qərbdəki mənfəət-qruplarının alətlərinə güvənərək etikadan uzaq, təkəbbürlü addımlar belə atan Eynulla, prezident İlham Əliyevə bağışlanması xahişi ilə məkdub da yazmazdı. Daha sonra isə yazdığı məktuba, vəkili vasitəsi ilə, fərqli çalar verməyə heç cəhd göstərməzdi...

Bəli, indi onu çoxları qınayır. Elə əvvəllər də qınayanlar çox idi. Sadəcə o zamanlar öz dövlətinə, dövlətçilik maraqlarına zidd fəaliyyət göstərməyi həyat tərzinə çevirmiş şəxslərin və qrupların əhsən, halal olsun, kişidi bu kimi içiboş,qeyri-səmimi gurultuları Eynullaya daha xoş gəlirdi... Mən onun qınamıram. İnsan yanlış yolda olanda bütün hissiyyat orqanları sanki onun əleyhinə işləyir. Reallıqda, gerçəkdən nələrin baş verdiyini anlaması olduqca çətinləşir. Və sonradan duyulan peşmançılığın etiraf edilməsinə belə mane olan bir duruma gətirib çıxarır! Tarix bu cür faciəvi-avantürist simalarla doludur. Görmək istəyən hər kəs asanlıqla görə bilər...

Əslində Eynullanın düşdüyü vəziyyət başqaları üçün də ibrətdir. Xüsusi ilə də demokratiya, insan haqları, şəffaflıq şüarları səsləndirən, riyakar, mənfəətçi qocaların, kürəklərini sığallayaraq, əhsən deyərək qabağa verdikləri gənclər üçün. O gənclər, biryolluq onu anlamalıdırlar ki, azad olmağın birinci şərti istifadə olunmamaqdır. Azad düşünməyin əsas göstəricisi manipulyasiyalara məruz qalmamaqdır, ayıq olmaqdır. Azad dövlət arzulamağın əsas göstəricisi isə, ölkəsinin suverenliyini hər şeydən üstün tutmaqdır. Qulağa xoş gələn ifadələrlə maskalanmış maraq-dairələrinin maşasına çevrilməməkdir. Öz ölkəsinin dövlətçilik maraqlarına zidd çalışmağı igidlik, qəhrəmanlıq sayan hər bir şəxsin sonu ümidlərinin tükənməsidir, arzularının puç olmasıdır...

Dövlətimizin daxili və xarici siyasətinin, milli maraqlarının qarantı, siyasi sahibi Azərbaycan hökumətidir, iqtidardır. Bu ölkənin məsuliyyəti onların üzərindədir. Biz vətəndaşlar ilk öncə Azərbaycan Respublikasının konstitusiyası ilə tənzimlənən, Azərbaycan Respublikasının qanunları qarşısında məsuliyyət daşıyırıq. Biz ilk öncə yaşadığımız dövlətin atributlarına hörmət etməliyik, sahib çıxmalıyıq və tabe olmalıyıq. Beynəlxalq qurumlara üzv olmamız, konvensiyalara qoşulmamız, ölkəmizin suverenliyindən əl çəkməmiz, onlara təfil verməmiz demək deyildir! Çox təəssüf ki, Eynulla Fətullayev bunu gec anladı. Artıq hər kəs, gec olmadan bunu anlasın və qəbul etsin... TURAN İBRAHİMOV

 

OXŞAR XƏBƏRLƏR