“Turan Tovuz” “Fənərbağça” ilə oynayacaq - Rəsmi

“Turan Tovuz” “Fənərbağça” ilə oynayacaq - Rəsmi
İDMAN
19:19 30.06.2026
347
"Turan Tovuz" Türkiyənin köklü klublarından olan "Fənərbağça" ilə yoldaşlıq görüşü keçirməyə hazırlaşır.

AZXEBER.COM xəbər verir ki, klubun İdarə Heyətinin üzvü Nəsimi Paşayev matc.az saytına açıqlamasında İstanbul nəhəngi ilə baş tutacaq qarşılaşmanın təfərrüatları haqqında məlumat verib.

Nəsimi Paşayev öncə bu ideyanın necə yarandığına aydınlıq gətirib:

"Ötən mövsüm əsas hədəflərimizdən biri avrokuboklara vəsiqə qazanmaq idi. Bu məqsədlə Tovuz şəhər stadionunda mövsüm bitməmişdən öncə ciddi yenidənqurma işlərinə başlamışdıq. İstəyimiz avrokubok oyunlarının heç olmasa birini doğma azarkeşlərimiz önündə keçirmək idi. Çünki bu, yalnız tovuzluların deyil, bütün Qərb bölgəsinin futbolsevərlərinin haqqı idi. Təəssüf ki, UEFA-nın məlum qərarı səbəbindən azarkeşlərə bu sevinci yaşada bilmədik. Buna baxmayaraq, stadiondakı infrastruktur işlərini dayandırmadıq. Belə qərara gəldik ki, avrokuboklara gedə bilməsək də, Azərbaycanda böyük azarkeş ordusuna sahib olan, Avropada uğurlu çıxışları ilə seçilən bir komandanı Tovuza dəvət edək. Beləcə, "Turan"sevərlərə əsl futbol bayramı bəxş etməyi hədəflədik".

Paşayev bildirib ki, 1994-cü ildə "Turan"ın avrokuboklarda məhz "Fənərbaxça" ilə qarşılaşması və İstanbul təmsilçisinin ölkəmizdəki populyarlığı bu qərarda rol oynayıb:

"Klub rəhbərliyimiz bir neçə dəfə şəxsən Əziz Yıldırımla görüşərək danışıqlar aparıb və nəhayət, oyunun keçirilməsi ilə bağlı razılıq əldə olunub. Bizə bu işdə hər zaman "Turan"ın yanında olan, dəstəkləyən və yarandığı gündən kluba azarkeşlik edən iş adamı yardımçı oldu".

Oyunun dəqiq tarixi ilə bağlı danışan klub rəsmisi, hazırda müəyyən təqvim planlaması üzərində işlədiklərini bildirib:

"Bilirsiniz ki, "Fənərbağça" Çempionlar Liqasında mübarizə aparacaq, komandamız isə Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. Oyunun Tovuzda təşkil olunması üçün uyğun zaman qrafiki tərtib etməliyik. Əgər hər hansı bir dəyişiklik olmasa, matçın sentyabrda - milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranacaq fasilə zamanı keçirilməsini nəzərdə tutmuşuq. Həmin müddət uyğun gəlməsə belə, növbəti fasilə dövründə bu görüşü baş tutması üçün əlimizdən gələni edəcəyik. İnşallah, Tovuzda "Turan"sevərlərə unudulmaz anlar yaşatmaq üçün hazırlıqlarımızı davam etdiririk".
OXŞAR XƏBƏRLƏR