Xəbər verdiyimiz kimi, 26 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən Gənclər və İdman Nazirliyinin nəzdində olan "Şağan olimpiya komleksi" MMC-nin inzibati binasının bir nömrəli zalında keçirilən yarış zamanı 2002-ci il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş Səfixanov Ruslan Elçin oğlu 2006-cı il təvəllüdlü Rüstəmov Turan Zəka oğlunu bıçaqla xəsarət yetirərək qəsdən həyatdan məhrum edib.
Baş vermiş hadisə cəmiyyət arasında böyük bir qəzəbə səbəb olub. Bəs bu hadisəyə rəsmilərin münasibəti necədir? Məsələ ilə bağlı millət vəkillərinin fikrini aldıq.
Məsələ ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, bu cür hallar yolverilməzdir və o qətli törədən adamı qəti şəkildə pisləyir:
"Həmin hadisə ilə bağlı artıq istintaq başlanılıb. O, bu əməli törətdiyinə görə, Azərbaycan qanunları çərçivəsində öz cəzasını alacaq. Yanaşmam bundan ibarətdir ki, belə bir halda yalnız istintaqın nəticəsini gözləyə bilərik, təbii ki, cəmiyyətdə bu məsələ necə qınağa səbəb olubsa, mənim də bu məsələyə yanaşmam çox mənfidir. Heç bir halda insanın canına qıymaq olmaz. Həmin hadisəni törədəni çox pisləyirəm, lənətləyirəm. Bu cür hallar yolverilməzdir. Azərbaycan hüquqi dövlətdir, heç şübhəsiz Azərbaycan qanunları çərçivəsində həmin şəxs törətmiş olduğu cinayətə görə cəzasını almalıdır”.
Milli Məclisin deputatı Etibar Əliyev də AZXEBER.COM-a açıqlamasında baş verən hadisənin bir faciə olduğunu deyib:
"Bu, çox ağır bir faciədir. Gənc cüdoçunun idman məkanında yarış bitdikdən sonra qətlə yetirilməsi ciddi düşündürücü bir faktdır. Mən sizin sayt vasitəsilə bildirmək istəyirəm ki, cavan uşaqların əksəriyyətinin bu dəqiqə cibində bıçaq var. Həmin adam şübhəsiz ki, metrodan keçir, avtobusa daxil olur, cəmiyyət içərisində olur. Cinayətlərin xronikasına baxanda açıq-aydın görmək olar ki, əksər cinayətlər bıçaq vasitəsilə edilir. Gənclər hər hansısa bir emosianal vəziyyət yarananda, söhbət düşəndə dərhal ciblərindən bıçaqlarını çıxarıb qarşı tərəfə ziyan vururlar. Bizim bəyənmədiyimiz sovet vaxtlarında soyuq silah gəzdirənlər cinayət məsuliyyətinə cəlb olunurdular. İndi bu soyuq silahı üzərində gəzdirən şəxs idman meydançasına daxil olub. Hər hansısa bir söhbət üstündə, insanların gözünün qarşısında bir yeniyetməni qanına qəltan edib. Buna həm də idman meydançasına məsul olan şəxslər günahkardılar”.
Deputat həmçinin bildirib ki, əgər həmin idman meydançasında mühafizə tərəfindən ciddi nəzarət olunsaydı, adi bir söhbət qanla bitməyəcəkdi:
"O qədər vəsaitlər xərclənir mühafizə üçün, mənə maraqlıdır ki, bəs həmin meydançanın girişində mühafizə olmayıbmı? İçəri daxil olanların üzərini bir-bir yoxlamayıbmı? İçəri daxil olan hər bir kəsin üst-başı yoxlanmalıdır. Həmin adam içəri bıçaqla daxil olmasaydı, onların söhbəti faciə ilə bitməyəcəkdi. Məsələ burasındadır ki, nəzarətsizliyin özü də belə bir vəziyyətin yaranmasına gətirib çıxarıb. Eyni zamanda, qətlə yetirilən şəxs məktəblidir, onun arzuları, gələcəklə bağlı nə qədər planları olub. Onun bütün arzularını yarımçıq qoydular. Ona görə də hüquq-mühafizə orqanlarına biz nə qədər səslənmişik, uşaqların üzərində ciddi nəzarət edilsin. Bu uşaqların üstü yoxlanılmalıdır, həm də ciddi bir şəkildə yoxlanılmalıdır. Nə qədər cinayət hadisələri baş verir. Gənclər indiki dövrdə informasiya-kommunikasiya texnologiyalarının tüğyan etdiyi bir vaxtda daha emosianal olurlar. Bunu psixoloqlar məktəblərdə ciddi nəzarətə götürməlidirlər. İctimai nəqliyyatda da təkcə qadınları deyil, həm də kişiləri yoxlamaq lazımdır. Ən xırda mübahisələrin qanla bitməsinin qarşısını almaq lazımdır”.
Azərbaycan Milli Məclisinin deputatı Hikmət Babaoğlu AZXEBER.COM-a açıqlamasında bildirib ki, qətl törədən şəxsi bu cinayətə sövq edən şəxslər araşdırılmalıdır:
"Belə hallar yolverilməzdir. Çünki cəmiyyətdə, ictimai münasibətlərdə qəddarlıq cəmiyyəti qütbləşdirə, cəmiyyəti parçalaya ilər. Ona görə də mən düşünürəm ki, Azərbaycan cəmiyyətinin özünəməxsus ənənələri var. Bizi xalq edən də, böyük edən də, bizi zəfərlərə aparan da bu mənəviyyatdır. Bir yeniyetmənin digər yeniyetməni qətlə yetirməsi hər birimizin vicdanını sızlatdı. Bu hadisənin baş vermə səbəbləri araşdırılmalıdır, analiz etməliyik və onlara qarşı mübarizə aparmalıyıq. Belə bir qəddarlıq haradan yaranır? Problem ailədədirmi, cəmiyyətdədirmi ya sosial şəbələrdədirmi? Bunları araşdırmalıyıq. Mənə elə gəlir ki, bu tip qəddarlıqların yaranmasında böyük bir hissəsinin günahı sosail şəbəkələrdədir. İnternet resurslarında olan mənəviyyatımızla uzlaşmayan bəzi virtual ənənələrdir ki, onlar cəmiyyətə siraət edir. Nəticədə biz belə hallarla rastlaşırıq. Azərbaycan mediası da bizim ictimai rəyi formalaşdıran rəy liderlərimiz də bu istiqamətdə səylərini səfərbər edərək xüsusi ictimai maariflənmə metodları ilə cəmiyyətə hümanist dəyərləri təqdim etməyi bacarmalıdırlar ki, belə hadisələr baş verməsin.
Deputat deyib ki, əgər bu cinayətin baş verməsində ailənin hər hansısa bir rolu və ya günahı olubsa, onlar da məsuliyyətə cəlb edilməlidirlər:
"Mən düşünürəm ki, bu, mütləq araşdırılmalıdır, o yeniyetməni bu cinayətə sövq edən bəlkə də ailə mühitidir, əgər ailənin bir rolu olubsa, mütləq onlar da cəzalanmalıdır”.
Qeyd edək ki, ilkin istintaq zamanı hadisənin şəxsi münasibətlər zəminində baş verməsi müəyyən olunub və şübhəli şəxs qismində tutulan Səfixanov Ruslan ifadəsində qeyd edilən əməli törətdiyini etiraf edib. 28 noyabr tarixində Xəzər rayon Məhkəməsində Səfixanov Ruslan barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ayşən Mirzəyeva