Dünya üzrə bütün məlumatların toplandığı “Vikipediya”ya oxşar “Türkpediya” internet saytı yaradılacaq. AZXEBER.COM-un məlumatına görə, burada türk tarixi və mədəniyyəti ilə bağlı məlumatlar toplanacaq, arxiv formalaşdırılacaq.“Türkpediya”da alimlərin elmi yazıları da yerləşdiriləcək. Məlumatların doğru olması üçün “Türkpediya”da yerləşdiriləcək yazılara ciddi nəzarət ediləcək və onlar yoxlanılacaq. Bu barədə aprelin 3-5-də Türkiyədə keçirilən Dünya Türk Forumunda Türk Tarix Qurumunun sədri Mətin Hülagü məlumat verib. Mətin Hülagü bildirib ki, dünyanın hər yerində türkün olduğu yer bizi maraqlandırır: “Bizim təşkilat yalnız Türkiyənin tarixini öyrənir. Ancaq bundan sonra türklərin yaşadığı bütün ölkələrin tarixini, xüsusən də türk Cümhuriyyətlərinin tarixini öyrənmək istəyirik. Böyük bir Türk Dünyası var. Ona görə də, Türk Tarixçiləri Birliyini yaratmaq fikrindəyik. Ortaq türk tarixini yazmaq istəyirik. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu bu sahədə Türkiyə ilə əməkdaşlığa hazırdır. Habelə Türk Dünyası "Tarix TV" televiziya kanalının yaradılması barədə də təkliflər var. "Tarix TV"də bütün türk xalqlarının filmlərini, musiqisini yayımlamaq olar”.Dünya Türk Forumunda Azərbaycandan iştirak etmiş nümayəndələrdən biri Mahir Həmzəoğlunun verdiyi məlumata görə, forumda Qırğız-Türk Manas Universitetinin professoru Kadirali Konkobayev bildirib ki, Astanada Türk Akademiyası yaradılacaq. Qarsda yerləşən Qafqaz Universitetinin professoru, əslən azərbaycanlı olan Hacali Necefoğlu isə məlumat verib ki, təmsil etdiyi universitetin nəzdində "Azərbaycan türkcəsi və ədəbiyyatı" kafedrası, fakültəsi və eyni adlı ixtisas açılıb.