“Türk Dünyasının Xilaskarları” adlı layihəyə start verildi

GƏNCLİK
14:04 05.02.2021
1079
4 Fevral 2021-ci il "Həsən bəy Zərdabi İrs Mərkəzi”, Zərdab rayonu Heydər Əliyev Mərkəzi nin birgə təşkilatçılığı ilə "Türk Dünyasının Xilaskarları” adlı layihəyə start verilib.
 
AZXEBER.COM xəbər verir ki, layihə çərçivəsində "Türk dünyasının xilaskarları- müstəqillikdən zəfərə doğru” adlı silsilə online konfransların keçirilməsi nəzərdə tutulur. "Bir millət iki dövlət- Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” şüarı altında online formatda keçirilən layihənin ilk konfransı Türkiyədən qatılan araşdırmacı yazar Qazi Karabulut, Ankara Hacı Bayram Veli Universiteti Asya Araşdırmalar Mərkəzinin Professoru Dr. Sinan Demirtürk , Araşdırmacı Yazar Önder Karakartalın iştirakı ilə gerçəkləşdirildi.

"Türk dünyasının xilaskarları- müstəqillikdən zəfərə doğru” mövzusunda keçirilən konfrans Samux, Astara, Sabirabad, Ağdaş, Qax, Şabran, Göyçay, Ucar, Salyan, Şirvan, Tovuz, Hacıqabul, Bakı şəhəri Yasamal rayonu Heydər Əliyev Mərkəzlərinin rəhbərləri və nümayəndələrinin birgə iştirakı ilə Zərdab rayonu Heydər Əliyev Mərkəzinin rəhbəri Könül Rəhimovanın mərkəz haqqında təqdimatı, ümumilli lider Heydər Əliyev irsinin təbliği istiqamətində görülən işlər və gələcək planlar haqqında çıxışı ilə başlandı. "Həsən bəy Zərdabi İrs Mərkəzi”-nin həmtəsisçisi və sədri Seymur Bayramov Azərbaycan Türkiyə dostluq və qardaşlıq əlaqələrinin strateji əhəmiyyəti, birgə əməkdaşlıq müstəvisində görüş və konfransların müsbət nəticələri haqqında danışaraq, gələcək mühim layihələr haqqında qonaqlara geniş məlumat verdi.
 
44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyə Cumhuriyyətinin hökümət və qeyri-hökümət təşkilatlarının mənəvi dəstəyi, Azərbaycanın haqq səsinin, erməni vandalizm və terror cinayətlərinin dünyaya çatdırılmasında mühim təsiri haqqında danışan Seymur Bayramov strateji birgə əməkdaşlıq əlaqələrin daha da inkişaf etdirilməsi, informasiya müharibəsində ortaq diaspora fəaliyyəti müstəvisində həqiqətlərin dünyaya çatdırılmasının zəruriliyindən bəhs etdi və ümumilli lider Heydər Əliyevin əzmi və iradəsi, xaqlımızın ona olan etimadı ilə başlanan xilaskarlıq missiyasının, Cənab Ali Baş Komandan İlham Əliyevin gücü və qətiyyəti nəticəsində zəfərlə nəticələnməsini xüsusi qeyd edərək bu şərəfli missiyanın sağlam şəkildə gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğuladı.

Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyat və yaradıcılığını daim araşdıran və təbliğ edən yazar Qazi Karabulut mühim tarixi hadisələrə şərh verərək, hər iki liderin qarşılaşdığı çətinliklər haqqında danışdı və milli mənəvi dəyərlərimizin təbliğində məhz xilaskar tarixi şəxsiyyətlərin həyatının daim təbliğ olunmasının əhəmiyyətini qeyd etdi. Milli kimlik, qurtuluş və dirçəlişimizin banisi olan liderlərin həyat yolu və hədəflərinin türk millətinin işıqlı sabahı üçün çıraq rolunu oynadığını qeyd etdi. Azərbaycan və Türkiyə dostluq və qardaşlıq əlaqələrinin əbədi olacağını əminliklə söyləyən yazar bu əlaqələlərin dünyaya örnək münasibət olduğunu vurğuladı.

Ankara Hacı Veli Bayram Universitetinin Professoru Dr. Sinan Demirtürk çıxış edərək ümumilli lider Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanın daxili və xarici siyasətdə qısa zamanda əldə etdiyi mühim naliyyətləri, müasirləşərək güclənməkdə olan ölkənin regionda nüfuzunun sürətlə artmasını məhz xilaskar liderin uzaqgörən siyasəti, xalqla olan birgə həmrəyliyinin nəticəsi kimi qiymətləndirdi və İlham Əliyev cənablarının tarixi qələbəsinin xilaskarlıq missiyasının ən ali yüksəlişi kimi türk dünyasının tarixinə əbədi həkk olunmasını xüsusi ilə qeyd etdi.
 
Dr. Sinan Demirtürk Mirzə Fətəli Axundzadə, Həsən Bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə və digər tarixi şəxsiyyətlərin adını qeyd edərək, onlar tərəfindən başladılan istiqlal hərəkatının Heydər Əliyev şəxsiyyətində ən uğurlu mərhələsinə qədəm qoyması və qüdrətli Azərbaycan dövlətinin qurulması ilə nəticələndiyini qeyd etdi. Azərbaycanın dünyanın bütün ölkələri ilə sağlam, güclü və strateji əməkdaşlıq əlaqələrini quraraq region və beynəlxalq aləmdə qazandığı əhəmiyyətli nüfuzu Türk dünyasnın böyük uğuru kimi qiymətləndirdi.

Tədqiqatçı yazar Önder Karakartal, Samux rayonu Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Astara rayonu Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Sabirabad rayonu Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə çıxış edərək layihənin gələcək uğurlu əməkdaşlıq əlaqələrin təmin olunmasında xüsusi əhəmiyyətindən, hər iki liderin şərəfli həyat yolundan söhbət açaraq birgə tədbir və görüşlərin davamlı olmasını arzu etdilər. Cənab Ali Baş Komandanın Şuşa şəhərinə səfəri zamanı Vaqif poeziya günləri və Xarı bülbül musiqi festivalının keçirilməsi ilə bağlı müvafiq tapşırıq və sərəncamları haqqında sevinc hislərini bölüşən tədbir iştirakçıları bir zamanlar xəyal, indi isə gerçək olan arzularına qovuşduqlarını və tezliklə Şuşa şəhərində mədəni ictimai tədbirlərin birgə keçiriliməsinin əhəmiyyətini qeyd etdilər

Layihə şərçivəsində Türkiyə və Azərbaycan birgə əməkdaşlıq müstəvisində ümumilli lider Heydər Əliyev və Türkiyə Cumhuriyyətinin qurucusu Atatürkün həyat və fəaliyyəti haqqında seminarlar təşkil olunacaq. Ümumilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, müzəffər Ali Baş Komandanmız Cənab İlham Əliyevin qalibiyyəti haqqında tanınmış ictimai siyasi xadimlərin iştirakı ilə webinarlar keçiriləcək.
 


OXŞAR XƏBƏRLƏR