Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olundu

Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olundu
SOSİAL
12:45 04.08.2026
175

Türkiyə-Azərbaycan Universitetinin (TAU) yeni təyin olunmuş ilk rektoru Nəcibə Nəsibova universitet kollektivinə təqdim olunub.

AZXEBER.COM xəbər verir ki, təqdimat mərasimində çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev Türkiyə ilə Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafında Nəcibə Nəsibovanın xidmətlərini vurğulayaraq onu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir müavini bildirib ki, Türkiyə-Azərbaycan Universiteti iki ölkənin strateji tərəfdaşlığının təhsil sahəsində ən mühüm layihələrindən biridir. O qeyd edib ki, universitetin Himayəçilər Şurası ali təhsil müəssisəsinin strateji inkişafı, akademik fəaliyyətinin gücləndirilməsi və institusional potensialının artırılması istiqamətində mühüm hədəflər müəyyənləşdirib.

Yeni rektor Nəcibə Nəsibova isə çıxışında universitetin akademik və inzibati heyətini salamlayaraq TAU-nun yalnız yeni nəsil ali təhsil modeli deyil, həm də Azərbaycan və Türkiyə arasında qardaşlığın və ortaq dəyərlərin təcəssümü olduğunu bildirib. O, göstərilən etimada görə təşəkkür edərək qarşıya qoyulan hədəflərə nail olmaq üçün çalışacağını vurğulayıb.

Qeyd edək ki, Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulu 2024–2025-ci tədris ilindən həyata keçirilir. Universitetdə bakalavriat səviyyəsində "Kompüter mühəndisliyi", "Qida mühəndisliyi" və "Sənaye mühəndisliyi" ixtisasları üzrə təhsil verilir. Tədris yalnız dövlət sifarişi əsasında və ingilis dilində aparılır.

Hazırda universitetdə 174 tələbə təhsil alır. Bu il isə üç ixtisas üzrə ümumilikdə 120 plan yeri ayrılıb. Bunlardan 60 yer "Kompüter mühəndisliyi", 30 yer "Sənaye mühəndisliyi", 30 yer isə "Qida mühəndisliyi" ixtisası üçün nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR