Türkiyə KİV: “Ermənistanın ilhaqçı siyasəti bütün dünya üçün təhlükəli tendensiyadır”

MEDİA
22:36 25.05.2020
420

"Ermənistanın ilhaqçı siyasəti bütün dünya üçün təhlükəli tendensiyadır”

Türkiyənin nüfuzlu KİV-ləri Azərbaycanın işğal olunmuş torpaqlarında təşkil edilən qeyri-qanuni "seçkilər” və qondarma "andiçmə” mərasimi ilə bağlı Azərbaycan tərəfinin kəskin etirazını özündə əks etdirən yazılar dərc edib. Bu ölkənin tanınmış "Ulusal” Televiziyası, "HaberTürk” və "Türkiyə” qəzetləri, "SuperHaber” informasiya portalı məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına geniş yer ayırmaqla yanaşı, mövzu ilə bağlı azərbaycanlı jurnalist, "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının da fikirlərinə istinad edib.

F.Şahbazlı Türkiyə mediasına açıqlamasında qeyd edib ki, Azərbaycanın işğal olunmuş Şuşa şəhərində təşkil edilən qeyri-qanuni "seçkilərin” və qondarma "andiçmə” mərasiminin heç bir hüquqi qüvvəsi yoxdur. Bu addım Ermənistanın ilhaqçı siyasətinin növbəti təzahürüdür. Təşkil olunan qondarma "andiçmə” mərasimi danışıqlar prosesini pozmağa hədəflənmiş bir təxribatdır.

O, qeyd edib ki, Ermənistanın separatizmə xidmət edən siyasəti bütün dünya üçün təhlükəli tendensiyadır:

"Azərbaycan Respublikasının Konstitusiyası, həmçinin beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil edən, beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə rədd edilən qondarma "seçkilərin” nəticələrinin hər hansı bir hüquqi qüvvəsi yoxdur. Bu, Ermənistan hakimiyyətinin münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını deməyə əsas verir və bölgədə vəziyyəti gərginləşdirməyə xidmət edir. Bu fakt Azərbaycana qarşı təxribat olmaqla yanaşı, bölgədə sülhə və sabitliyə qarşı təhdiddir”.

Fərid Şahbazlı Türkiyə mediasına açıqlamasında qeyd bildirib ki, saxta "seçki”lər və qondarma "andiçmə mərasimi” Ermənistanın sülh danışıqlarında beynəlxalq ictimaiyyəti aldatmağa cəhd göstərdiyini sübut edir: "Bu səbəbdən dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar Ermənistana qarşı daha ciddi təzyiq və sanksiyalar tətbiq etməklə onu beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa məcbur etməlidir”.

Azərbaycanlı jurnalist qeyd edib ki, Ermənistanın BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrini və ümumilikdə, beynəlxalq hüququn tələblərini heçə sayaraq işğalçılıq siyasətini davam etdirməsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonu hələ də işğal altındadır: "Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onların fundamental hüquqları kütləvi şəkildə kobudcasına pozulmuşdur. Təcavüz nəticəsində, həmçinin 20 mindən artıq günahsız insan, o cümlədən uşaqlar, qadınlar və qocalar xüsusi qəddarlıqla qətlə yetirilmiş, minlərlə insan girov götürülərək işgəncələrə məruz qalıblar”.





OXŞAR XƏBƏRLƏR