Suriya ətrafında Türkiyə ilə Rusiya arasında yaranan gərginlik dramatik həddə çatıb.
Rusiyanın hava dəstəyi ilə Əsəd qüvvələrinin Hələbə yaxınlaşdığı və şimaldakı kürd kantonlarının birləşməsi üçün dəhliz rolunu oynayan Azez qəsəbəsinə YPG qüvvələrinin hücumları Türkiyəni qurudan müdaxilə variantı üzərində baş sındırmağa məcbur edib.
Adının açıqlanmaması şərti ilə “Reuters”ə açıqlama verən türkiyəli yüksək vəzifəli rəsmi deyb ki, Suriyadakı müharibəni qurudan müdaxilə olmadan dayandırmaq mümkünsüz hala gəlib.“Biz Suriyaya mümkün quru müdaxiləsi ilə bağlı müttəfiqlərlə müzakirələr aparırıq. Müttəfiqlər arasında anlaşma əldə olunsa Türkiyə qurudan müdaxiləyə qatılacaq, ancaq tək başına quru müdaxiləsinə getməyəcək”-rəsmi deyib.
Lakin ABŞ və digər Qərb ölkələri Suriyaya quru müdaxiləsində maraqlı görünmürlər. Çünki Türkiyənin istədiyi kimi şimaldan həyata keçiriləcək bu müdaxilə Rusiya ilə birbaşa hərbi toqquşma riski deməkdir. Belə görünür ki, ABŞ Rusiyanın Suriyada qələbə qazanmasının qaçılmaz olduğunu görür və buna müqaviməti mənasız sayır. Lakin Türkiyə üçün indi Suriyada baş verənlər birbaşa təhdid yaratmaqdadır.
Təhlilçilər bildirirlər ki, Ankara üçün indi Suriya sərhədi boyunca «kürd dəhlizi»nin açılmasından pis heç nə ola bilməz.Əsəd rejimi Rusiya hava zərbələrinin dəstəyi ilə şimala doğru irəlilədikcə, Ankara bu irəliləyişi, eləcə də qaçqın axınını əngəlləmək barədə düşünür. PKK-nın silahlı qanadı olan YPG isə Suriya Kürd Demokratik Birlik Partiyası (PYD) ilə birlikdə Tal-Rifaat və Azaz arasında təhlükəli gedişlər edib, hətta Menagh hava bazasını tutub. Türkiyə üçün Suriya rejiminin Azazı tutmasından da pisi Suriya ilə sərhəd boyunca PYD dəhlizinin yaranmasıdır.Üstəlik, indi YPG döyüşçülərini Rusiya da dəstəkləyir ki, bu da Türkiyə üçün oyunun şərtlərini dəyişdirir.
İndi söhbət ərazi bütövlüyünün müdafiəsindən söhbət gedir, Türkiyənin tarixi imperiya ərazilərinin bərpasından yox. Lakin Türkiyənin sərhədin bu tayından endirdiyi artilleriya zərbələri ilə kürdləri dayandırmaq mümkün olmayacaq. Türkiyə aviasiyası isə Suriya sərhədini keçib kürdlərə hava zərbələri endirə bilmir. Rusiya ilə Su-24 bombardmançısını vurulmasına görə başlayan gərginlikdən sonra türk aviasiyası Suriyanın hava məkanına girməyə risk etmir. Çünki bu halda Rusiyanın Suriyada yerləşdirdiyi S-400 raketlərinin hədəfi olacaq.
Beləliklə, Türkiyə indi Suriya böhranına görə ən ağır durumda olan region ölkəsidir. Və belə vəziyyətdə Türkiyə rəhbərliyi Rusiyaya qarşı ritorikanı daha da sərtləşdirir. Bu gün baş nazir Əhməd Davudoğlu parlamentdə AKP qrupu qarşısında etdiyi çıxışın böyük hissəsini Suriyada baş verənlərə və Rusiyanın hərəkətlərinə həsr edib.Davudoğlu Rusiyanın “alçaqcasına plan içərisində olduğunu”, mülki şəxsləri öldürdüyünü, YPG qüvvələrinə dəstək verdiyini deyib.Davudoğlu bir daha bildirib ki, Türkiyə Azez qəsəbəsinin kürdlərin əlinə keçməsinə imkan verməyəcək. Lakin qurudan müdaxilə olmadan Türkiyə bunu necə edəcək, bu, sual açıq qalır...
Virtualaz.org