Digər şaxtaçıların xilas olmalarına ümid getdikcə azalır. Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan edib. Trend-in məlumatına görə, xəbəri çərşənbə günü "TRT Naber" telekanalı yayıb. Nazir onu da bildirib ki, yerin altında yanğın hələ də davam edir. T.Yıldız bəyan edib ki, şaxtaçıların xilas edilməsi üçün sona qədər mübarizə aparacaqlar. ---------- 09:53 Türkiyədə kömür şaxtasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 201 nəfərə çatıb, yüzlərlə insan isə dağıntılar altında qalıb. Bu barədə ölkənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan edib. Trend-in məlumatına görə, xəbəri "TRT Haber" yayıb. Nazir qeyd edib ki, qəza vaxtı şaxtada 787 nəfər olub. Hələlik yalnız 363 şaxtaçı xilas edilib. Daha əvvəl 166 nəfərin öldüyü bildirilirdi. Onların dəqiq sayını müəyyənləşdirmək çətindir, çünki partlayış növbə dəyişikliyi zamanı baş verib. Faciə İstanbuldan 250 km cənubda, Manisa vilayətinin Soma şəhərində özəl şaxtalardan birində, yerin təxminən 2 km dərinliyində baş verib. İlkin ehtimala görə, hadisəyə qısaqapanma səbəb olub, bu da yanğına və partlayışa gətirib çıxarıb. Partlayış yerində xilasetmə işləri aparılır. Ölənlərin əksəriyyətinin dəm qazından zəhərləndiyi bildirilir. Hazırda xilasedicilər şaxtanı oksigenlə təmin edirlər. Qeyd edək ki, Türkiyə Statistika İnstitutunun məlumatına görə, son dörd ayda ölkədə iş yerlərində bədbəxt hadisələr nəticəsində 1235 nəfər ölüb, onlardan 103-ü qadınlardır. --------- 09:15 Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə partlayış baş verib, nəticədə şaxta uçub. Manisada kömür mədənində baş verən partlayış nəticəsində ölənlərin sayı 201-ə çatıb. APA-nın məlumatına görə, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Manisada kömür mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayının 201-ə çatdığını bildirib. Ölən və yaralıların sayının artacağı istisna olunmur. Partlayış baş verən an şaxtada 787 insan olub. Xilasetmə əməliyyatı davam edir.