Cavid BƏHRUZ26 fevral günü İstanbulun Taksim meydanında təşkil edilmiş Xocalını anma mitinqi sözün əsl mənasında regionda və dünyada səs gətirdi. Xarici bir ölkədə digər bir ölkənin acı gününü, anım gününü anmaq üçün yüz minlərin bir araya gəlməsi adi bir şey deyil. Bəs necə doğulmuşdu bu mitinq? Bu mitinq çoxdan doğulmuşdu, bu gün isə ayaq tutdu meydanlara yürüdü. Bu mitinq uzun illərdir susqun olan türk qardaşların bir-birinə yenidən sarılması idi. Türkiyə-Ermənistan futbol oyununda Türkiyənin yerli idarəçiləri tərəfindən Azərbaycan bayrağına edilən hörmətsizlikdən sonra yaranmış küslüyün unudulması idi. Bu mitinq həqiqi mənada “bir millət, iki dövlət” devizini yaşamaq idi. Ancaq Azərbaycan dövlətinin və Türkiyə millətçilərinin təşkilatçılığı ilə baş tutan bu mitinqi yaşanmış böyük izdihamdan sonra Türkiyədə bir çoxları sahiblənməyə çalışırlar. Ermənistanla dostluq protokolları imzalaya bilib, lakin Xocalı soyqırımını parlamentə çıxarmaqdan qorxanlar bu gün türkün varlığından, birliyindən ürküblər. Bursada bayraqlarımızı zibil qabına atdıran hazırki Daxili İşlər naziri İdris Naim Şahini mitinqə göndərməklə bizlə “dalga” keçənlər bu mitinqdən sonra Xocalıya yas tutduqlarını deyirlər. Bu tənqidin ünvanı bəli, Rəcəb Təyyib Ərdoğandır. Timsahın göz yaşları kimi sizin də sözləriniz məsum deyil! Bizə bu mitinqi sahiblənməniz lazım deyil, Xocalı soyqırımını tanımanız lazımdır... Bu Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimiz deyən Atatürkün, Atatürk gəncliyinin tələbidir. Bu Bakıda şəhid olan Türkiyəli qardaşlarımızın, Çanaqqalada şəhid olan Azərbaycanlı şəhidlərin istəyidir...