ABŞ-nin "Microsoft” korporasiyası Polşadakı data mərkəzinin genişləndirilməsinə 700 milyon dollar ayıracaq.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Varşavada "Microsoft”un prezidenti Bred Smit ilə görüşdən sonra mətbuat konfransında bildirib.
"Təxminən 3 milyard zlot, daha dəqiq desək, 700 milyon dollar "Microsoft" rəhbərliyinin bu gün təsdiqlədiyi sərmayədir", - o qeyd edib.
"Microsoft”un rəhbəri öz növbəsində izah edib ki, söhbət Polşa Rəqəmsal Vadisi layihəsinin ikinci mərhələsindən gedir və infrastrukturun yaradılması işləri 2026-cı ilə qədər davam edəcək.
2020-ci ildə "Microsoft" Polşa Rəqəmsal Vadisi layihəsinə 1 milyard dollar investisiya yatırıb. 2023-cü ildə korporasiya Varşava yaxınlığında Mərkəzi və Şərqi Avropada ilk bulud məlumat emalı mərkəzini açıb.