08:35 Bazar Günü, 15 Dekabr 2019
KÖŞƏ

Uçuş dərsləri

20:23, 17.11.20101713
Uçuş dərsləri


Ağlım kəsəndən bəri, ömrümdə ilk dəfədir ki, sevgi-filan hiss etmirəm. Qəribədir! Maraqlı (və maraqsız) bir boşluq hökm sürür ürəyimdə. Nəsə tuhaf hiss edirəm özümü. Yəqin, səfər həyəcanı bütün duyğuların yerini tutub. Hələ, xeyli darıxmaq var qabaqda....

... İndiyə qədər çox sevdiyimi qeyd etsəm, ayıb olmaz. Məncə. Ən azından, qız deyiləm ki, utanım. Amma, özümü də özümdən utandıran bir məqam var: İndiyədək, bir sevgim belə uğurlu olmayıb. Və xüsusən də, son bir il yarım vaxt ərzində yaşadığım bütün tanışlıq, macəra və duyğu oyanışları “qısa qapanma”dan o tərəfə keçməyib. Siyahı da qırxa yaxınlaşır... Hərdən, dostların dediyi kimi, özümə təsəlli verməyə çalışıram: “sənin hələ nə yaşın var..” Bir az da belə sürsə, 24 olacaq 34.

Yox, mən uğursuz deyiləm. Heç taysız-bərabərsiz də. Nə qədər çox səhvlər buraxsam da, o qədər də eyibli məxluq deyiləm ki, özümə yer tapa bilməyim... Mən sadəcə “qağayı”yam – “Böyük Qağayı” qanununa inanan qağayı.

Bəlkə də, “Facebook”dakı profil foto albomuma şərh yazan Sərdar Cəlaloğlunun qeyd etdiyi kimi, mənim ruhumda sürrealizmə meyl var... Bilmirəm. Sadəcə, mən o mən deyiləm ki, “dəstə qanunları” ilə kifayətlənib “sakit” ömür sürmək iqtidarında ola bilim. Səs-küy salmaqda belə ləngiyirəm. Çabalama prosesi uzun çəkir yaman... Mən sadəcə dənizin üzərində, özfəaliyyət üsulu ilə uçuş dərsləri keçən qağayıya bənzəyirəm indi.

Məni dənizdəki balıqlardan çox, göylərdə uçmaqdan da çox, göylərdən göyləri fəth etmək maraqlandırır. Çünki, mən inanıram, insana sonsuz düşünmək imkanı verildisə, demək düşünməyin də imkanları sonsuzdur. Mən hələ ki, düşüncələrimdə uçmağı öyrənirəm. Nə vaxtsa, bunu bacarsam, kursu tamamlasam, əməllərimlə də səmaya qalxacam. Heç özümün də xəbərim olmadan.

O ki qaldı sevgiyə... O, sadəcə bir vasitədir. Bizim nəyə görəsə, kimlərə görəsə, yaxşı və ya pis anlar keçiridiyimizi düşünməyimiz naminə - o da ki, yekun şəkli ilə sonda olur. Ömrümüzün sonunda – cəmi bir neçə anlıq.

Qağayı isə, uçur. Əbədiyyətə uçur. Onu sərhədlər və yaradılış vəzifələri qətiyyən narahat etmir. Deməli, son da. Burada isə, “Kurtlar Vadisi”dən çeynənmiş ifadəni də əlavə edirəm: “Sonunu düşünən qəhrəman ola bilməz!”

Di salamat qalın. Son dayanacaqda görüşənədək. Amma, kimin üçün son... Həyat göstərəcək. Yox, həyatı yaşayanların ondan istifadə tərzi. Və həyat da sonda öz sözünü deyəcək. Utanmadan, qırmızı-qırmızı... Sizə çoxmu maraqlı gəldi eşitmək nə deyəcəyini? Odur ki, yaşayın. Yox, öyrənin. Ya uçmağı, ya da ki... YAŞAMAĞI!

 

 


RÜFƏT ƏHMƏDZADƏ, ahmadzada.tk
XƏBƏR LENTİ