Ukrayna İon dənizində aşkarlanan partlayıcı yüklü insansız dəniz aparatı (İDA) ilə bağlı Yunanıstandan rəsmi şəkildə üzr istəyib.
AZXEBER.COM xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Heorhii Tykhyi sosial şəbəkə platformasında yayımladığı açıqlamada, hadisənin Ukrayna ilə Yunanıstan arasında dostluq münasibətlərinə təsir etməməli olduğunu vurğulayıb.
O bildirib ki, Rusiya ilə müharibə fonunda xüsusilə dəniz təhlükəsizliyi və "kölgə donanması” fəaliyyətləri region üçün ciddi təhdid yaradır.
Tykhyi qeyd edib ki, Ukrayna beynəlxalq hüquqa və mülki dəniz təhlükəsizliyi prinsiplərinə sadiqliyini davam etdirir və gələcəkdə oxşar hadisələrin qarşısının alınması üçün maraqlıdır. O, baş verən insidenti Rusiyanın davam edən təcavüzü nəticəsində yaranmış şəraitlə əlaqələndirərək, Yunanıstan tərəfinə üzrxahlıq etdiklərini bildirib.
Ukrayna rəsmisi həmçinin Yunanıstanla konstruktiv dialoqu davam etdirmək niyyətində olduqlarını da diqqətə çatdırıb.
Hadisə may ayında İon dənizində Lefkada adası yaxınlığında balıqçılar tərəfindən aşkarlanan İDA ilə bağlıdır. Yunanıstan tərəfinin araşdırmasına görə, cihaz təxminən 100 kiloqram partlayıcı maddə daşıyıb və Ukraynaya məxsus olduğu müəyyən edilib.
Yunanıstan bu məsələ ilə bağlı mayın 28–29-da Kiyevə diplomatik etirazlarını çatdırmışdı.










































