Ukraynada polad istehsalı sənayesi fəaliyyətini dayandırıb

Ukraynada polad istehsalı sənayesi fəaliyyətini dayandırıb
DÜNYA
15:38 20.09.2026
74
Rusiyanın Ukraynanın sənaye müəssisələrinə endirdiyi zərbələr nəticəsində ölkədə artıq fəaliyyət göstərən polad istehsalı sənayesi qalmayıb.

Bunu "Financial Times” nəşrinə açıqlamasında "Metinvest” qrupunun baş direktoru Rinat Axmetovun ofisinin rəhbəri Aleksandr Vodoviz bildirib.

Son həftələrdə Rusiya Ukraynanın metallurgiya sənayesinin əsas müəssisələrinə ardıcıl zərbələr endirir. Xüsusilə, Rusiya Silahlı Qüvvələri Zaporojyedə "Metinvest” qrupuna daxil olan "Zaporojstal” zavodlarına bir neçə dəfə hücum edib və nəticədə müəssisələrin bir hissəsi fəaliyyətini məcburi şəkildə dayandırıb.

Dnepropetrovsk vilayətində yerləşən "ArselorMittal Krivoy Roq” və "Kametstal” metallurgiya kombinatları da raket hücumlarına məruz qalıb.

"Financial Times”ın yazdığına görə, Rusiyanın hücumlarından zərər çəkən zavodlar Ukraynadakı polad istehsalının təxminən 90 faizini təmin edirdi. Aleksandr Vodoviz nəşrə açıqlamasında vurğulayıb ki, "Metinvest” zərər görmüş müəssisələrin bərpasına nə qədər vaxt lazım olacağını hələlik qiymətləndirə bilmir.

"GMK Center”in sahə üzrə təhlilinə əsasən, 2025-ci ilə olan məlumata görə, polad istehsalı üzrə ümumi nominal güc ildə təxminən 42 milyon tondan 16,5 milyon tona qədər azalıb.

Zavodların fəaliyyətini dayandırması cəbhəyanı regionlarda böhrana səbəb ola bilər

Daha əvvəl "Metinvest” qrupunun əməliyyat direktoru Aleksandr Mironenko "Forbes Ukraine”a müsahibəsində vurğulayıb ki, Rusiya tərəfindən müəssisələrə endirilən zərbələrlə yanaşı, limanların blokadası, bahalı logistika, elektrik enerjisinin yüksək qiymətləri və Aİ-nin tətbiq etdiyi məhdudiyyətlər də sənayedəki vəziyyətə təsir göstərir.

"2022-2023-cü illərdə şirkətin müharibədən əvvəlki illərdə yaradılmış maliyyə dayanıqlığı ehtiyatı var idi. Bu gün isə artıq belə ehtiyat yoxdur. Təkcə bizdə deyil, heç bir şirkətdə. Dövlət dəstəyi və xarici tərəfdaşların köməyi olmadan biz sadəcə olaraq bu vəziyyətdən çıxa bilməyəcəyik”, - deyə o bildirib.

Mironenko əlavə edib ki, böhran ayrı-ayrı şirkətin hüdudlarını aşıb. "Ekonomikaya pravda” nəşrinin yazdığına görə, polad sənayesindəki böhran səbəbindən cəbhəyanı regionlarda əhalinin dolanışığı ilə bağlı problem daha da kəskinləşə bilər.

Zaporojye, Krivoy Roq və Kamen şəhərləri onları formalaşdıran əsas müəssisələrdən – "Zaporojstal”, "ArselorMittal Krivoy Roq” və "Kametstal” kombinatlarından əhəmiyyətli dərəcədə asılıdır. Bu müəssisələrin fəaliyyətini dayandırması yerli sakinləri əməkhaqqından, regional büdcələri isə vergi gəlirlərindən məhrum edir.
OXŞAR XƏBƏRLƏR