Unibank qadın sahibkarlara dəstək üçün 15 milyon dollar kredit cəlb edib

Unibank qadın sahibkarlara dəstək üçün 15 milyon dollar kredit cəlb edib
İQTİSADİYYAT
12:32 08.07.2026
252


Global Gender-Smart Fund S.A., SICAV- Lüksemburqda qeydiyyatdan keçmiş alternativ investisiya fondu və Unibank KB ASC Azərbaycanda qadın sahibkarlığının inkişafına, maliyyə inklüzivliyinin genişləndirilməsinə və qadınların iqtisadi imkanlarının artırılmasına dəstək məqsədilə kredit sazişi imzalayıb.

Nüfuzlu sosial təsir yönümlü investisiya şirkəti Incofin Investment Management-in dəstəyi ilə təşkil olunan saziş çərçivəsində "Unibank”a Azərbaycan manatında 15 milyon ABŞ dolları ekvivalentində kredit xətti ayrılıb.

Vəsait Azərbaycanda qadınlara məxsus və qadınlar tərəfindən idarə olunan müəssisələrin maliyyəyə çıxış imkanlarının genişləndirilməsinə yönəldiləcək. Bu əməkdaşlıq qadın sahibkarlar üçün maliyyələşmə imkanlarının artırılmasına, mövcud maliyyə boşluğunun azaldılmasına və gender yönümlü iqtisadi inkişafın təşviqinə xidmət edəcək.

Unibank İdarə Heyəti sədrinin vəzifəsini müvəqqti icra edən Heybət Qədirov layihə ilə bağlı bildirib: "Bu tərəfdaşlıq Azərbaycanda maliyyə inklüzivliyinin genişləndirilməsi istiqamətində səylərimiz baxımından mühüm mərhələdir. Global Gender-Smart Fund ilə əməkdaşlıq etməklə qadınlara məxsus və qadınlar tərəfindən idarə olunan bizneslər üçün onların ehtiyaclarına uyğun maliyyə resurslarının təqdim edilməsinə dair öhdəliyimizi daha da gücləndiririk. Bu imkanlar həmin bizneslərin böyüməsinə, innovativ həllər tətbiq etməsinə və ölkə iqtisadiyyatına daha əhəmiyyətli töhfə verməsinə təkan olacaq”.

Bu əməkdaşlıq hər iki maliyyə institutunun, eləcə də Incofin-in regionda dayanıqlı inkişaf və bərabər imkanlara əsaslanan bazar artımı üçün sosial təsir yönümlü investisiya yanaşmasından istifadə etmək üzrə ortaq baxışını əks etdirir.

"GGSF-in məqsədi qadınların iqtisadi imkanlarının genişləndirilməsi və rifahın yaxşılaşdırılması üçün gender yönümlü maliyyələşmə təqdim etməkdir. Unibank ilə tərəfdaşlıq bu məqsədi daha da irəli aparır: Bankın gender fəaliyyət planı qadınların ehtiyaclarına uyğun yeni maliyyə məhsullarının hazırlanmasını və qadın sahibkarların bu məhsullara çıxışını və onlardan faydalanmasını dəstəkləyən maliyyə savadlılığı təlimlərinin keçirilməsini nəzərdə tutur. Məhz bu yanaşma maliyyələşmənin Azərbaycanda qadın borcalanlara məsuliyyətli və təsirli şəkildə yönəldilməsini təmin edir”, — deyə Innpact Fund Management-in Fondların idarə edilməsi üzrə direktor müavini Etienne de Belloybildirib.

Global Gender-Smart Fund haqqında

Global Gender-Smart Fund — GGSF inkişaf etməkdə olan ölkələrdə maliyyə institutlarına borc maliyyələşməsi təqdim edən, gender fokuslu dünyanın ən böyük investisiya platformasıdır. GGSF-in məqsədi kifayət qədər xidmət almayan qadınlar, həmçinin qadınlar tərəfindən idarə olunan və qadınlara məxsus bizneslər üçün gender yönümlü, məsuliyyətli maliyyə xidmətlərinə çıxış imkanlarını genişləndirməkdir.

İnklüziv maliyyə sistemlərinin gücləndirilməsi vasitəsilə GGSF yaşayış səviyyəsinin yaxşılaşdırılmasına, gender balansının və əhatəliliyin artırılmasına, eləcə də inkişaf etməkdə olan bazarlarda qadın liderliyinin genişlənməsinə töhfə verir.

GGSF Innpact Fund Management tərəfindən idarə olunur. Fondun idarəçiliyində dərin bazar təcrübəsinə və güclü sosial təsir yönümlü yanaşmaya malik üç aparıcı özəl portfel meneceri iştirak edir. Incofin Investment Management isə Unibank ilə bu layihə çərçivəsində münasibətlərin qurulması, monitorinqi və idarə olunmasına cavabdehdir.

Ətraflı məlumat üçün: www.ggs-fund.com

Unibank haqqında

Unibank Azərbaycanın aparıcı özəl banklarından olmaqla, ölkənin sistem əhəmiyyətli maliyyə institutlarından biridir. 1992-ci ildə fəaliyyətə başlayan bank pərakəndə, korporativ və investisiya bankçılığı sahələrində geniş xidmətlər təqdim edir. Unibank Azərbaycanda rəqəmsal innovasiyaların öncüllərindən biri olub və 2021-ci ildə ölkənin ilk tam mobil bank əlavəsi olan Leobank-ı istifadəyə verib.

Bank haqqında daha ətraflı: https://unibank.az/az

OXŞAR XƏBƏRLƏR