İş elanlarında təcrübə tələbi yeni məzunların əmək bazarına çıxışını çətinləşdirən əsas problemlərdən biri olaraq qalır.
AZXEBER.COM ölkənin aparıcı iş elan saytlarında yerləşdirilən son vakansiyalar əsasında kiçik araşdırma aparıb.
Araşdırma zamanı müxtəlif sahələri əhatə edən son 50 iş elanı təhlil edilib.
Məlum olub ki, elanların 70 faizində namizədlərdən ən azı müəyyən iş təcrübəsinə malik olmaları tələb edilir. Bu isə təhsilini yeni başa vurmuş və əmək fəaliyyətinə başlamaq istəyən gənclərin iş tapmaq imkanlarını məhdudlaşdıran əsas amillərdən biri hesab olunur
Bəs universiteti yeni bitirən, lakin iş təcrübəsi olmayan gənclər əmək bazarında ilk addımlarını necə atmalıdır?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, həm süni intellektin sürətli inkişafı, həm də əmək bazarında artan tələblər universitet məzunlarının işə qəbulunu çətinləşdirən əsas amillərdəndir:

"Bu gün əmək bazarında, təəssüf ki, ali təhsil müəssisələrini bitirən gənclər üçün kifayət qədər əlverişli şərait yoxdur. Halbuki bakalavr təhsilini başa vuran şəxsin bilik və bacarığı kifayət edirsə, magistr təhsili almadan da işə qəbul olunması mümkündür. Süni intellektin inkişafı və onun məişətdə, elmdə, təhsildə geniş tətbiqi bir sıra iş funksiyalarını aradan qaldırır və nəticədə əmək bazarını daha da məhdudlaşdırır".
Ekspert bildirib ki, məzunların iş təcrübəsi problemi ilə bağlı artıq müəyyən addımlar atılıb:
"Keçən ildən etibarən təcrübə proqramlarına cəlb olunan tələbələr üçün xüsusi qaydalar tətbiq edilir. Həmin qaydalara əsasən, tələbələr təcrübə keçdikləri müddətdə əməkhaqqı alır, eyni zamanda bu müddət onların əmək stajına daxil edilir. Universitetlər təcrübəyə göndərdikləri tələbələrlə bağlı əvvəlcədən müəssisələrlə müqavilələr bağlayırlar. Həmin müəssisələr tələbələri işçi kimi qeydiyyata alır və təcrübə başa çatdıqdan sonra onlara bunu təsdiq edən müvafiq sənədlər təqdim edirlər".
M.Məmmədlinin sözlərinə görə, problemin həlli universitetlərdən də asılıdır:
"Əgər universitetlərimiz əvvəlki illərdə əmək bazarının tələblərinə uyğun məzunlar hazırlasaydılar, bu gün işəgötürənlər iş təcrübəsi tələbinə daha yumşaq yanaşardılar. Onlar bilirlər ki, məsələn, İT ixtisasını bitirən məzun əlavə təlim keçmədən işin öhdəsindən gəlməkdə çətinlik çəkə bilər. Bu, mühəndislərə, xarici dil mütəxəssislərinə və digər sahələrin məzunlarına da aiddir. Buna görə də universitetlər maddi-texniki bazalarını gücləndirməli, tələbələrə daha çox praktik bilik və bacarıqlar qazandırmalıdırlar".
Fəridə Əsədzadə











































